"Qarabağ"ın "Sportinq"ə uduzması, lap belə deyək, böyük hesabla uduzmasını bu boyda hay-küyə, müzakirəyə çevirməyin indi mənası yox.
Daha dəqiqi artıq faydasızdır.
"Qarabağ" bu böyük hesablı məğlubiyyətə doğru gəlirdi, "bardaq" hardasa qırılmalı idi...
"Qarabağ"ın problemləri haqda Çempionlar Liqasına düşə bilməyəndən yazılır, indi böyük hesablı məğlubiyyət var deyə, dəsmal götürüb ağlmaq gecdir. Bu boyda hay-harayın isə yeganə səbəbkarı var- Qurban Qurbanov. Talesizlikdən milli komanda da Kosovoya böyük hesablı məğlubiyyət yaşadı deyə indi Qurban Qurbanov "ordunu qırğına vermiş komandir" kimi hədəfdədir. Bir az belə davam etsə, Qurban üçün mərkəzi stadionda dar ağacı qurulmasını da istəyəcəklər...
Möcüzə istəyirdiz, "Qurban millinin baş məşqçisi olsun", yerli məşqşi, "ya o, ya heç kim" deyənlər indi susub. Ya da yazdıqlarını unudublar. Əlahəzrət arama motoru- google isə həqiqəti bilir. "Qarabağ"ın bu halının səbəbləri çoxdu, amma əsas səbəb Qurbanın milliyə baş məşqçiliyə razı salınmasıdır.
Getməməli idi. Razı olmamalı idi. Çünki "Qarabağ" a qıymaq olmazdı. Bu iki ayrı-ayrı komandanı çalışdırmaq çətin, lap çətin iş idi. Buyurun, "haydı Qurban" deyənlər onu müdafiə edin. Sinənizi 1 il 1 ay əvvəlki kimi önə verib onu bu təzyiqlərdən qoruyun. Siz də suçlusuz axı...
1 il 1 ay əvvələ yazdığım yazıya ixtisarla yenidən qayıtmamın səbəbi haqlı olduğumu göstərmək deyil. Sadəcə, tarix üçün həmin müzakirələrin getdiyi vaxta qayıtmaq indi olduqca aktualdır...
***
Qurban Qurbanov millinin baş məşqçisi olmasın...
Milli komandanın xorvat baş məşqçisi, nəhayət ki, sözləri “topa-qapıya”(nala-mıxa) vurmaqdan vaz keçib, yığmadan ayrılmağa qərar verdi. Robert Prosineçki hara gedəcək, hansı yığmanın ona ehtiyacı var, hələ bilinmir, amma AFFA rəhbərliyi məsələyə nöqtə qoydu daha...
AFFA-nın da Prosineçkini qalmaq üçün dilə tutmaması ona işarədir ki, millinin baş məşqçi postuna artıq namizəd(lər) var. Yəni faktiki millidə Prosineçki dövrü qapandı, təəssüf ki, onun yaxasına medal taxacaq işi olmadı. O zaman lap “10-luğu” vurmuş sayılardı. Təəssüf ki, AFFA-nın “soverşenno sekretno” papkasında olduğu üçün millinin baş məşqçiləri ilə imzalan müqavilələrdən də xəbərimiz olmur. Amma bəlkə də elə belə yaxşıdır, yoxsa başımıza qapazı iki əlli vurardıq...
İndi Azərbaycan millisində kimin baş məşqçi olacağı ilə bağlı müzakirələr açılıb. Artıq iki namizəd haqda saytlarda xəbər yayılıb. Roman Qriqorçuk və Qurban Qurbanov.
Qriqorçukun “Qəbələ”də uğur qazandığı danılmaz faktdır, ingilis və rusun edə bilmədiklərini ukraynalı mütəxəssis etdi.
AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsində isə millinin gələcək taleyi ilə bağlı fərqli ipucları var. O, təmsil etdiyi qurumun milliyə yerli mütəxəssisin gətirilməsini tövsiyə edəcəklərini deyib. “Elə qərar qəbul etməliyik ki, bizim yığmamız bundan da artığını əldə etsin. Bu işdə məşqçi rolu çox önəmlidir. Bu seçimdə yanlış addım atmaq olmaz. Tələsik qərar verilməməlidir” deyə, V.Sadıqov bildirib.
“Futbol ictimaiyyəti millimizin baş məşqçisi vəzifəsinə ən real namizəd kimi Qurban Qurbanovun adını qeyd edir. Siz də belə düşünürsünüz” sualına cavabı maraq doğurur: “Futbol ictimaiyyəti tamamilə düzgün seçim edib.
Bu gün ən yaxşı uğurları qazanan Qurban Qurbanovdur. Onun işi göz qabağındadır. Əcnəbi seçimi olsaydı, elə Prosineçki qalıb işləyərdi. Prosineçki ilə yollar ayrılıbsa, deməli, yerli məşqçiyə ehtiyac var. Yerli mütəxəssislər arasında ən birinci namizəd isə Qurban Qurbanovdur”.
V.Sadıqovun AFFA kuluarlarındakı ümumi əhval-ruhiyyəyə bələd olduğunu nəzərə alsaq, bunu fərziyə yox, informasiya kimi qəbul edə bilərik. Belə görünür ki, AFFA rəhbərliyi indi yerli mütəxəssis üzərində daha çox dayanır.
Bunun bir neçə səbəbi ola bilər ki, onlardan biri də maliyyə məsələsidir. İkinci bir tərəfdən, indi tanınmış baş məşqçi tapmaq da çətindir. Üçüncü səbəb isə o ola bilər ki, cəmiyyətdə yerli mütəxəssis əhval-ruhiyyəsi var ki, AFFA-da “bu da sizə yerli mütəxəssis” deyərək, uyğun qərar versin. Bizim bilmədiyimiz digər səbəblər də ola bilər ki, bu əslində o qədər də maraqlı deyil...
Maraqlı olan Qurbanın namizədliyinin ciddiləşməsidir. Mən bayaqdan, Qriqorçuku həm də o səbəbdən diqqətə gətirirəm ki, Qurban “bu bəlanı” bəlkə adlatsın. “Milliyə yerli mütəxəssis gətirək” yazanlardan biri də mən olmuşam, amma Qurbandan əl çəkək.
Bu, ən pis variantdı. Qurban qardaşımız və “Qarabağ” klubunun rəhbərliyi özləri aralarında hansısa qərar verərsə, bu ayrı. O razılaşmanı dəyişməyə gücümüz yetməz. Amma AFFA rəhbərliyi də bir müddət əvvəl elə mən deyəni demişdi. Təxminən belə: “İmkan verək, Qurban ”Qarabağ"la məşğul olsun".
Bu mənada mən Qurban Qurbanovun millinin baş məşqçi postuna təyinatına qarşıyam. Qurbanın “Qarabağ”da Azərbaycan futbolu adına gördüyü iş indi milli komandadan daha önəmlidir. Qurbanın da “Qarabağ”da hələ görəcəyi çox iş var... İmkan verək işini görsün...
28 oktyabr.2017.
Belə-belə işlər...
Nazim Sabiroğlu

