Azərbaycanda nə futbol var, nə də azarkeş

29 Noyabr 2018 20:24 Köşə 1 149
Azərbaycanda nə futbol var, nə də azarkeş

Mən heç "Fənər"in kümə düşmə ehtimalına görə ondan vaz keçən azarkeş görmədim.

Amma "Qarabağ"ın Avroliqa qrupundan çıxmaq şansı qalmadı deyə (nəzəri olaraq şans var) matça getməkdən imtina edən o qədər adam gördüm ki...

Qomesi satdı deyə "Qalatasaray"ın matçlarını baykot edən azarkeş görmədim heç.


Dinonu, Pedronu satdı deyə "Qarabağ"ın oyunlarını izləməyən, Mahir oynayacaqsa mən stadiona getməyəcəm deyən o qədər adam gördüm ki...

30 ildir çempion olmayan "Liverpul"un azarkeşləri 90 dəqiqə dayanmadan "You'll Never Walk Alone" oxuyur.

Bizim komandalarımız bir top buraxan kimi bizimkilər durub gedir ki, onsuz uduzacaqlar.


"Bernabeu"ya, "Nou Kamp"a, "Enfild"ə və digər Avropa stadionlarına getmək şansımız olsaydı, əminəm ki, stadiona girmək üçün 40 dövrə də vurmağa razı olardıq.

Amma BOS-a giriş çətindir deyib TV-dən baxır çoxu.

"Qarabağ" - "Sportinq" matçına isə nə bilet alan var, nə də avrokubok ab-havası hiss olunur.

Çaşıb uduzsaq, hamı mütəxəssis olacaq, heyət quracaq, qapının qarşısından pas verəcək, qapıçının yerinə qapıdan top çıxaracaq, Qurbanı istefaya göndərəcəklər. UEFA-dan gələn pulu böləcəklər, bazanın işıq pulunu hesablayacaqlar, vuracaqlar, toplayacaqlar, çıxacaqlar, sonda qərara gələcəklər ki, Azərbaycanda nə futbol var, nə də azarkeş.

Sevinc Məmmədova

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer