Şakir Seyidov 17 yaş 10 ay 24 günlüyündə Premyer Liqanın "Qarabağ"la səfər oyununda debüt etdi.
Yadımdadı ki, Şakiri 4 il öncə "Əlincə"yə Vasif Haqverdiyev "Bakı"dan gətirmişdi.
Bundan sonra o, Haqverdiyevin rəhbərliyi altında "Vətən" və "Səbail"də çıxış edib. "Əlincə" ilə U-16 Liqasının gümüş, "Vətən"lə U-17 Liqasının qızıl, "Səbail"lə U-19 Liqasının bürünc medallarını qazanmasında əsas futbolçulardan biri olub. Hazırda "Sabah-2" komandasının üzvüdü.
U-19-un üzvü olan Şakiri U-21-in baş məşqçisi Rəşad Sadıqov da bir neçə dəfə milliyə dəvət edib. Hətta Sadıqov ona oyunlarda da şans verib.
Hələ bu futbolçunu gördüyüm ilk gündən demişdim ki, 5-6 ilə Premyer Liqada öz sözünü deyəcək.
Artıq 17 yaşı var və Elşad Əhmədov ona əsas komandada "Qarabağ"a qarşı oyunda şans verdi, güvəndi.
Tərif eləmək fikrim yoxdu, amma Elşad Əhmədovun bu addımını çox bəyəndim. Digər klubların baş məşqçiləri də Əhmədovdan ibrət götürməlidi.
Meydanı bu uşaqlara vermək lazımdı. Heç olmasa, 10-15 dəqiqə...
Gələcəyimizə güvənək, onlara şans yaradaq...
MİRƏLƏM

