"Qarabağ"a camur yapışmır!

26 Dekabr 2016 12:24 Köşə 898
"Qarabağ"a camur yapışmır!

Ümumi vəziyyət yaxşı deyil. Bazarda bayquş ulayır. Satıcı çox, alıcı yox. Üçüncü devalvasiya klubların qapısını yavaş-yavaş, amma daha bərkdən döyməyə başlayıb. Hamı əndişə içindədi. "Necə olacaq" sualı fikri min yerə aparır, yollar isə get-gedə bağlanır.

Bir-birlərinin yanında dili qısa olan rəsmilər Klublar Komitəsinin son iclasında hakimlik məsələsini qaldırdı, uzun-uzadı müzakirə etdilər. Belə görüntü yarandı ki, bircə "Qarabağ" razıdı, qalanları hamılıqla oyun idarəçilərindən narazıdı. Sonra həmin bu narazılar bir-bir mətbuata çıxıb, dedikləri sözün arxasından əkilməyə başladı. Maskaları tez cırıldı.

Bircə Fariz Nəcəfov həmkarlarına qoşulmadı. Demədi ki, deməmişəm. O, dediyini demişdi artıq, AFFA Hakmilər Komitəsinin sədri postuna əcnəbi mütəxəssisin gətirilməsini təklif etmişdi. "Qəbələ" həqiqətən müstəqil klubdu və həqiqətən onları sıxırlar. İddiası çoxlarına mane olur. Çempion olmaq istəyirlər deyə, bir yerdən, bir mərkəzdən "vurulurlar".

Mən ölü, siz diri, baxarsız. "Əcnəbi sədr" təklifinə görə Xaqani Məmmədovun yolçu hakimləri "Qəbələ"nin dərisinə saman təpəcək. Ən azından, buna cəhd edəcəklər. Nəcəfov gədə-güdələrin saman tayasına od vurub, onlar isə yenə öz aralarında "dır-dır" oynayıb, "Qəbələ"ni "kvadrat"a salacaqlar. Digər klubların "Qəbələ" ilə bir səfdə dayanmaması, sıradan geri çəkilməsi çempionatın qarşıdakı 2 dövrəsinin sonuclarına təsir edəcək.

İndi həmlə sırası "Qarabağ"dadı. Klublar Komitəsində təklənən "Qarabağ"ın böyükləri çıxıb da, "Qəbələ" ilə həmfikir olacaqlarını desəydilər… Aləm olardı ey! Onsuz da, Qurban Qurbanovlu kollektivi ləkələmək istəyən, gözügötürməyən çoxdu. "Qarabağ" Azərbaycanın fəxridi" deyənlər var a, böyük qismi, əslində, bu camiəni sevməyəndi. "Qarabağ" kimi ola bilmirlər, paxıllıqlarını çəkirlər, di gəl, üzdə başqa söz söyləyirlər.

Qardaş, "Qarabağ"dan bir dənədi. Hər kəs özü olsun, özünə oxşasın, heç kimin "Qarabağ"la işi olmasın! Bu klubun direktoru, baş məşqçisi də, futbolçusu da düz yolun yolçusudu. Çiyin-çiyinə verib, gül kimi komanda yaradıblar. Azərbaycanda da adlarından söz etdirirlər, Avropada da.

Açığını demək lazımdı ki, ölkənin bir hakimi də "Qarabağ"ın oyununu idarə etmək səviyyəsində deyil. "Qarabağ" adının böyüklüyü qarşısında əsim-əsim əsib, tir-tir titrəyirlər. Onlara desələr də ki "Qarabağ"a antipatiya bəslə, edə bilməyəcəklər. Təbii ki, bu da avrokuboklarda komandaya ciddi problemlər yaradır. Orda bir, burda bir başqa cür hakimliklə qarşılaşan "Qarabağ" itirdikləri qazandıqlarından çoxdu.

Hələ yaxın 3-4 ildə "Qarabağ"ın Azərbaycanda rəqibləri olmayacaq. Uzaqbaşı, "Qəbələ". Üçüncüsü, çox böyük ehtimalla, meydana atılmayacaq. "Qarabağ"ın başbilənləri isə Qurban Qurbanovdan Avroliqanın qrup mərhələsinə vəsiqədən daha artığını tələb edir. Çempionlar Liqası olsun, Avroliqada pley-off olsun - ikisindəe birini.

Azərbaycan hakimliyi əcnəbi mütəxəssisə tapşırılsa, "Qarabağ"ın futbolçularının məsuliyyət hissi ikiyə qatlanacaq. Onları kölgə kimi izləyən bezdirici söz-söhbətlərə də son qoyulacaq belədə. Ara yerdə "Qarabağ"ı ləkələməyə qalxanları susdurmağın tək və ən məqbul yolu budu.

Xəzər Hikmət

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer