Nə vaxt dinəcəksiz, ey bədbəxt klub rəhbərləri?

25 Dekabr 2016 14:00 Köşə 877
Nə vaxt dinəcəksiz, ey bədbəxt klub rəhbərləri?

Hamı həm razı, həm də narazıdı. Hamı getməsini istəyir, heç kim getməsini istəmir. Hamı əlini üzüb, heç kim ətəyini buraxmağa tələsmir.

Bu, necə olur?
Bu, Azərbaycan futboludu, niyə də yox?!

Klubların müxtəlif ranqlı rəsmilərini danışdırıblar, biri də hakimlərin tərəfini verməyib. Xaqani Məmmədovu tərifləməsələr də, düzünü yenə söyləməyiblər, əsl həqiqəti dar qəfəslərində gizlədiblər. Klublar Komitəsinin qapalı iclasında "fit sahibləri"nin və onların keçmişi ləkəli sədrlərini asıb-kəsən, əcnəbi hakimbaşı təklif irəli sürən elçilər jurnalist sorğusuna ehtiyatla yanaşıb, öz aralarında danışıb-deyindiklərini ictimailəşdirməkdən qorxublar.

İngilis bayrağı kimi şeydi bunlar. Bir bezin qırağıdılar. İlboyu dil-boğaza qoymurlar, hər oyundan sonra şüvən qaldırırlar, söhbət konkretləşəndə, ciddi boya alanda isə qaçıb gizlənirlər. "Yağışda islananın yağmurdan qorxusu olmaz" məsəlinin bu funksionerlərə dəxli yoxdu.

Axı bunlar futbol adamları deyillər. Bunlar jurnalistləri qabağa verib, özləri onların arxasında gizlənən yalıncıqlardı. Mətbuatı qızışdıran, ustanı öyrədib Bozdağa göndərən klub rəhbərləridi. Hakim qəsdən və ya qəsdsiz bir səhv edən kimi medianın qapısında yatırlar. Sosial şəbəkələri ayağa qaldırırlar, şəkil-video paylaşırlar, gen-bol status yazırlar. Üzbəsurət isə dillərini udurlar.

A kişilər, klublarınız əldən gedir, kimdən və nədən qorxursuz ta? Xaqani Məmmədovun keyfiyyətsiz və səviyyəsiz hakimlərinin başınıza açmadığı itin oyun qalmadı, bundan o yanı da var? Kərbəlayi İsmayılın sözü olmasın, dünən dinmədiz, srağagün dinmədiz, bə nə vaxt dinəcəksiz? Hakimin bir fiti qarşısında başınızı aşağı salacaq qədər gücsüzsə, niyə tüpürürdüz ki, niyə də yalayasız?

Bir addım geri çəkildikcə, bu bədxah tayfa iki addım atmayacaq siz tərəfə. Həmişəkindən daha artıq, daha şövqlə, ürəkli yeriyəcəklər, alacaqlar başınızın üstünə. Təpənizi yarsalar da, ətəyinizə qoz tökməyəcəklər. Sözü bir yerə qoyub, Xaqani Məmmədovun istefasını tələb etməyəcək dərəcədə cılız adamlarsız. Çün gözünüz kölgəlidi. Əslində, Xaqani Məmmədov hamınıza lazımdı. Hər biriniz onun yalnız təmsil etdiyi klubun xidmətində dayanmasını istəyirsiz. Düşünürsüz ki, istifadə müddəti bitməyib, yeri gələndə, yəni pul olanda, o, yenə qulluğunuzda duracaq.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer