Hakimlər Komitəsinin sədri postuna əcnəbi gətirilsə…

24 Dekabr 2016 15:00 Köşə 752
Hakimlər Komitəsinin sədri postuna əcnəbi gətirilsə…

Klublar Komitəsi dünən son dəfə yığışdı, 2016-ci ili başa vurdu. Yenə də birinci şəxslərin qatılımı ilə keçməyən toplantıda bir sıra məsələlər müzakirə olundu, yeni prezident seçildi. "Sumqayıt"ın prezidenti Kamran Quliyev postu AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovdan təhvil aldı. ikinci ilində 3-cü sədri ilə yola davam etmək qərarı alan komitənin qayğıları əvvəlkitək azalmayıb. Maliyyə böhranından çıxış yolları, uşaq futbolundakı çətinliklər və sözsüz ki, hakimlikdəki problemlər masadadı.

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bu sahənin əcnəbi mütəxəssisə tapşırılmasının zəruriliyi barədə danışaraq, dolayısı ilə AFFA-ya mesaj verib. Əyalət klubunun rəsmisi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu vəzifədən almaq vaxtının çatmasını federasiyaya xatırlatmaqla, əks halda, bu körpünün altından hələ çox su axacağına işarə vurub. Maraqlıdı ki, media bundan Fikrət Hüseynov vasitəsilə xəbər tutdu.

Sitat: “ Bütün klubların rəhbərləri hakimlik problemini ön plana çəkdilər. Sizə bir epizod danışım. Kubokun ¼ final mərhələsinin “Qəbələ” ilə keçirdiyimiz cavab oyununda Fariz Yusifov gözləri önündə olan epizodda qayda pozuntusunu görmədi. Dünyada olmayan bir şeydi ki, 14 gün ərzində AZAL-ın 3 oyununu eyni hakim idarə etsin. Bununla bağlı araşdırma aparmaq lazımdı. Əgər bir ölkədə cəmi 1 hakim varsa, bu, yalnız o halda ola bilər.

Əliyar Ağayev və ya başqası 4 yerə bölünə bilməz. Bunlar hamısı qərəzdən irəli gəlir. “Qarabağ”dan başqa 7 klubun hamısı 10-15 dəqiqə hakimlikdən danışdı. Bu, biabırçılıqdı. “Qarabağ” da narazıdı, amma digər klublar qədər yox. Mən “Qarabağ”ın üstündə dayanmaq istəmirəm. O da komandalarımızdan biridi. Bəlkə də “Qarabağ” da narazıdı. Amma digər klublar bu məsələdə daha fəal idilər. Əvvəlki iclaslarımızın heç birində hakimlikdən bu qədər narazılıq səslənməmişdi. Fariz Yusifovun bizim matçımızdakı idarəçiliyinə bayaq toxundum.

Mən “Qəbələ”nin qələbəsinə kölgə salmaq istəmirəm, onlar, həqiqətən, güclüdülər. Amma baş məşqçimiz də idarəçilikdən narazı qalmışdı. “Zirə”nin baş məşqçisi də bu yaxınlarda hakimlikdən şikayət etmişdi. Bizim “Neftçi” ilə birinci oyunumuzda təmiz qolumuzu saymadılar, 3 xalımızı aldılar. Hakimliyimizin ümumi səviyyəsinin aşağı olduğunu deyə bilərikmi? Niyə ki? Elə oyunlar da idarə edirlər ki, hamı razı qalır.

Adətən uduzan tərəf narazılığını bildirir. Maraqlıdı ki, bugünkü iclasda qalib gələn klubların nümayəndələri də hakimlikdən şikayətləndilər. Hakimlər sponsorları futboldan uzaqlaşdırır. Onlar inciyirlər, uzaqlaşırlar, klublara maliyyə buraxmaq istəmirlər. Hamısı hakim biabırçılıqları ilə bağlıdı. Hamımız Azərbaycan komandasıyıq. Fariz Nəcəfov iclasda təklif etdi ki, Hakimlər Komitəsinə əcnəbi sədr gətirilsin".

O da çox maraqlıdı ki, F.Nəcəfov toplantıdan sonra media mənsublarının önünə çıxsa da, bu mövzü ətrafında dövrə vurmadı. Verdiyi təklif isə yerindədi, diqqətə alınmalıdı. Hakimlər futbolumuzun baş bəlasıdı, onlar bir çox hallarda alqışı deyil, lənəti haqq edir. Son 2 ildə klublar imikansızlaşıb, manata güllə atmağa başlayıb. 99 faiz əminliklə söyləyə bilərik ki, artıq hakimləri pulla almaq, ikinci, bəzən üçüncü tərəfin əleyhinə "istifadə etmək" halları aradan qalxıb. Bu gün iddia etmək gülünc səslənərdi ki, hansısa komanda rəhbəri "fit sahibi"nə aybaay maaş verir, rəqibin əleyhinə təlimatlandırır.

Pulun ərşə çəkildiyi bu illərdə müşahidələrimiz deməyə əsas verir ki, Premyer Liqaya təyinat alan hakimlərin əksəriyyəti bu səviyyə ilə ayaqlaşmır. Uzunqulaq uzunqulaqlığı ilə palçığa iki dəfə batmır. Di gəl, Xaqani Məmmədovun yedəyindəkilər hər həftə, hər tur ayrı-ayrı klubların anadan əmdiyi südü burnundan gətirir. Bu, nə anlama gəlir? Təbii ki, səviyyəsizlikdən daha çox, bir mərkəzdən tapşırıq almaqlarından.

Premyer Liqa ilə yanaşı, I Divizion təmsilçiləri də bu yaramazların əlindən boğaza yığılıb. Aşağı dəstə nümayəndələrini bir araya gətirən, təşkilatlandıran, tribuna verən yoxdu, yoxsa bir ah-nalə qopararlar ki, elitadakı həmkarları onların yanında toya getməli olar. Yalanlara inanmağa dəyməz, postsovet məkanında ən biabırçı hakim səhvləri Azərbaycanda qeydə alınır.

Müvafiq komitənin sədri məşhur rüşvətbaz Xaqani Məmmədovdu, futbolumuz ondan qurtulmasa, klublarımız qiyamət gəlməmiş məhşər ayağına gələcək. Zira, sponsorlar bir-bir iki-iki aradan çıxmaqdadı. Səbəblərdən biri bilavastə bununla əlaqədardı: sifarişli hakimlik şəffaflıq arzusunda olanların ürəyinə ox sancıb. Şübhəsiz, bu minvalla futbolumuzun sonu vaxtından əvvəl gələcək. Ziyanın yarısından qayıtmaq yalnız əcnəbi sədrin gətirilməsi ilə mümkündü. Xaqani Məmmədov və düşərgəsindəkilər inam-etibarı yerli-dibli itirib. "Quran"dan köynək və ya ağ kəfən geyinsələr belə, bundan sonra heç kim onlara inanmayacaq, etibar etməyəcək.

Sevgi ilə nifrət gözlə qaş arasındadı. Sevgini qazanmaq nə qədər çətindisə, nifrət obyekti olmaq bir o qədər asandı. Hakimlər Komitəsi mövcud tərkibi ilə istefaya getməlidi ki, bəlkə Peşəkar Futbol Liqasının keçirdiyi hər iki çempionat müəyyən bir düzən alsın, klublar meydandankənar amillərin meydana birbaşa təsiri şübhəsini başından atsın.

Hakimlər Komitəsi rəsmən müstəqil fəaliyyət göstərməsə, AFFA (PFL)-in kurasiyasında qalsa da olar. Ən əsası, onun sədri postuna nüfuzlu əcnəbi mütəxəssis gətirilməlidi. Ukrayna, Rusiya və digər yaxın ölkələr bu təcrübədən yararlanıb, niyə imtina edək? Klubların atılan dırnağını debil Xaqani Məmmədova dəyişmək olmaz! AFFA-nın UEFA və FİFA ilə əlaqələri superdi, ümumi məsləhətləşmə ilə bu vəzifəyə tanınmış bir keçmiş hakimi gətirsələr, futbolumuzun canı bu parazitdən qurtarar. Qətiyyən çətin iş deyil. Təki tapılmayan bir bu olsun! Sadəcə, AFFA/PFL özü istəməlidi ki, klublar onlarla xırmanda yabalaşmasın. Çempionluğa iddialı "Qəbələ" də, I Diviziona yuvarlanmağa real namizəd AZAL da hakimlikdən şikayətlənirsə, hər iki qurum durumun ciddiliyinin fərqinə varmalıdı. Bıçaq boğazdadı, cənablar!

ELNUR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer