NANKOR KAMRAN HAQDA

24 Dekabr 2016 14:12 Köşə 2 038
NANKOR KAMRAN HAQDA

Deyir, insanın özü-özünə elədiyi pisliyi heç fələk də eləyə bilməz. Robert Prosineçki Azərbaycanda işə başladığı gündən millinin qapısını Kamran Ağayevə əmanət edib. Berti Foqtsun fikrini xorvatiyalı xələfi də təsdiqləyib, bildirib ki, Kamran Azərbaycanın ən yaxşı qapıçısıdı, alternativi yoxdu və yaxın illərdə belə birisinin ortalığa çıxması da gözlənilmir. İndi Ağayevə düşən bu etimadı artıqlamasıyla doğrultmaq, yüksəldiyi zirvədə qalıcı olmaqdı. Ondan başqa nə isə istənilmir, təki yerində saymasın, irəli getsin və ölkəmizin bir nömrəli komandasının qapısı etibarlı əllərdə qalsın.

AFFA heç bir futbolçuya etmədiyi yaxşılığı Kamran Ağayevə edib. Azərbaycanda demək olar bütün aparıcı klubların formasını geyinib zamanında. "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" və "İnter"in şərəfini qoruyub. Türkiyədə "Kayserispor" və "Karşıyka"nın uğurları üçün tər töküb. Hazırda isə legioner həyatının üçüncü dönəmini yaşayır. Yenə AFFA-nın sayəsində! Federasiya mənsublarının vasitəçiliyi ilə Portuqaliyaya yollanıb, "Boavişta" ilə müqavilə bağlayıb.

Bugünlərdə "Qızıl top"u qazanan Kriştianu Ronaldonun ulduzunu parıldadan Portuqaliya çempionatında çıxış edir. Hər həftə meydandadı. Yerli ölkə çapında ortabab klub sayılan "Boavişta"nın əvəzedilməzlərindəndi. İki baş məşqçi dəyişib bu 3-4 ayda, Kamran isə bundan bir xətər görməyib. Ona güvən o qədərdi ki, hətta zədəli ola-ola hamının bir gözü yenə ondadı. Yəni, performansı ilə adından söz etdirməyi bacarıb və artıq gələcəyi tamamilə öz əlindədi.

Portuqaliya nəhəng piştaxtadı, hər futbolçu burda, göz, diqqət mərkəzində olmaq istəyər. Avropanın ən reytinqli çempionatlarına açılan birinci qapıdı. "Böyük beşlik" ölkələrinə ən qısa yol yenə burdan keçir. Özünü bir az göstər, mütləq bir alıcı qapını döyəcək. "Boavişta" halvadı, Kamran onu yeməli, önünə baxmalıdı. Lakin o, nə etmək fikrindədi? Müqaviləsini pozub, Azərbaycana bilet almağa hazırlaşır.

Bildirib ki, bu qərarı ailəsi üçün darıxdığına görə verib və yaya qədər gözləmək fikrində deyil. Mətbuatda yayılan məlumatlara görə, Kamranın qayıdışının tək səbəbi bu deyil. Onun məvacibinin yarısını "Boavişta", yarısını da AFFA ödəyir. Ancaq ümumi məbləğ fubolçunu qane etmir. Belə olduqda isə "Neftçi"dən gələn sərfəli təklf onun üçün Azərbaycana qayıtmaq variantı yaradıb. Millinin qapıçısına "Neftçi"də illik 370 min dollara yaxın məvacib təklif edilib.

Digər tərəfdən Portuqaliya mediasında "Boavişta"nın növbəti mövsüm üçün heyətində ciddi dəyişikliklər edəcəyi haqda xəbərlər yayılıb. Son oyunlarda yol verdiyi ardıcıl səhvlər isə Kamran Ağayevin klubdakı gələcəyini şübhə altına atıb. Bu səbəbdən o daha rahat və gəlirli təklif olan "Neftçi" variantını qəbul edib.

"Mançester Yunayted"in əsas heyətinə düşə bilməyən erməni Henrix Mxitaryanın noyabr ayında dedikləri: "Bəli, mən az oynayıram. Amma mən bununla razılaşmaq istəmirəm və öz üzərimdə daha çox işləyəcəm. Bura gələnə kimi mən uzun yol getdim və ona görə də heç bir şey arzumun gerçəkləşməsinə mane ola bilməz. Ona görə də mən özümdə güc tapıb, arzumu gerçəkləşdirəcəm"

"Boavişta"nın əsas heyətində yeri qarantii olan Kamran Ağayevin indi dedikləri: "Mən istəyirəm Azərbaycana qayıdım və orada karyeramı davam etdirim. Atam üçün darıxıram. Mənim indi 30 yaşım var və ailə qurmağın vaxtı gəlib. Legioner olarkən, bunu etmək daha çətin olur".

Bunları boş verin, qeyri-rəsmi səbəb puldu. Kamran özünü əziyyətə salmaq, bu qış heyətini bir qədər də gücləndirəcək "Boavişta"da yeni rəqabətə dözmək istəmir. Şadlığına şıllaq atmaq mərəzinə tutulub. O, özünə inanmır, düşünmür ki, Portuqaliyada daha sanballı kluba keçə, yaxud başqa Avropa ölkəsinə transfer olunub, daha çox qazana bilər. Fikirləşir ki, soğan olsun, nəğd olsun. Beş-on manata qane olanların partiyasına üzv yazılmağa bundan dolayı tələsir. Xırda-xuruş şəxsi çıxarlarından ötrü Azərbaycanı Ronaldonun vətənində reklam etməkdən boyun qaçırır. Şəhərdə 10-cu şəxs olmaqdansa, kəndə qayıdıb birinci olmaq təfəkkürü ilə hərəkət etmək niyyətindədi.

Çürük fikir beyin olaraq Ağayevi özünə əsir edib. Azərbaycanı, millini, azarkeş ordusunu vecinə almır. AFFA qan-tərə batsın, Portuqaliyanın göbəyində klub tapsın, sən də 3-4 ay sonra de ki, evlənmək istəyirəm, falan-filan. Heç bu da sözdü, futibolçuya yaraşan açıqlamadı? Yalnız kor düşüncə sahibləri belə ucuz bəhanələrlə gündəmə gələr. Bütün Azərbaycan gecə yuxusuna haram qatıb, sənin oyununu gözləsin, dur söylə ki, şəxsi problemlərim var. Gülməli deyil, ağlamalı vəziyyət yaranıb.

Kamran ya qanmır, ya da qandırılıb. Aqillər düz buyurub ki, qapıçı sənətinin yolçularının başı bir az "o söz" işləyir. Kamranın "Boavişta"nı "Neftçi"yə dəyişmək fikrinə düşməsi bu rəyi möhkəmləndirir. Görmüşük ki, futbolçu karyerasının sabahını iplə çəkər, bunun uğrunda hər çətinliyə qatlaşar. Kamranın timsalında bu anormallığı görürük ki, bir futbolçu cəhənnəmə gedənlərə yol yoldaşı olmağa, özünü qayadan aşağı atmağa hazırlaşır O, bu qərarı ilə təkcə AFFA-nın xidmətini, çabasını yerə vurmur, həmçinin azarkeş dünyasının ondan gözləntilərini dağ-daşa çırpır. Başqa sözlə, ona bəslənilən ümid çırağına xəyanət edir. Bu, əsl nankorluqdu! Allah eləməsin, müharibə başlasa və ön cəbhəyə göndərilsə, Kamran ordan da silahını atıb qaçar. Dili var, ancaq dilçəyi yoxdu...

Xəzər Hikmət

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer