Qoluzorluların ağrıdıcı hərəkətləri – boğucu mühit

3 Fevral 17:20 Köşə 1 401
Qoluzorluların ağrıdıcı hərəkətləri – boğucu mühit

2008-ci il idi,

Türkiyə milli komandasının və “Qalatasaray”ın məşhur forvardı Hakan Şükürün karyerasının son aylarıydı.

TRT-də bazar axşamları efirə verilən “Stadium” proqramının reportyoru “Qalatasaray”ın yenicə başa çatmış matçından sonra stadiondan studiya ilə canlı bağlantı yaratmışdı və Hakan Şükürdən oyuna dair təəssürat soruşurdu.

O cür reportajlarda adətən klişe cümlələr işlədilir: “Qazandıq. Mutluyuz. Bir sonrakı matçlarımıza baxacağıq”, ya da “yenildik, yapacaq bir şey yoxdur, bir sonrakı matça baxacağıq”.

Ancaq həmin axşam Hakan Şükür reportyorun sualına o qədər savadlı, rəvan, əhatəli və gözəl cavab verdi ki, reportaj bitəndən sonra studiyadakı tanınmış şərhçilər mat qaldılar. Hətta biri belə bir söz dedi: “Adam hazır millət vəkili, spor bakanıdır”. (Bir-iki il sonra Hakan Şükür millət vəkili seçildi).

3-4 il öncə Kamerun əsilli fransalı futbolçu, 20 yaşlı Kilian Mbappe də idman reportyorunun sualına eynilə gözəl, intellektual cavab verərək dinləyənləri çaşdırmışdı.

Bizim üçün bir idmançının savadlı danışması möcüzə kimi bir şeydir. Çünki indiyəcək onlardan əsasən oyundan əvvəl “Allahın köməyi ilə çıxıb yarışacağıq”, oyundan sonra isə “Allahın köməyi ilə qələbə qazandıq”dan başqa bir sanballı cümlə eşitməmişik.

Buna görə bizdə heç kəs idmançıları qınamır, hamı anlayır ki, onların işi savadlı cümlələr qurmaq, natiqlik etmək deyil, rinqə, tatamiyə, yarış meydanına çıxıb yarışmaqdır. Onu da hər kəs bilir ki, bir yeniyetmə idmana könül verəndən sonra, ilk medalını qazanan, hətta ilk rəsmi yarışına çıxan kimi təhsilin daşını atır, oxumağı və yarışmağı paralel aparmır.

Yuxarıda bir cümlədə idmançılarımızın tez-tez “Allahın köməyi ilə” ifadəsi işlətdiklərini yazdıq. Bu, təsadüfi söz deyil. Kişi idmançılarımızın tam əksəriyyəti inancılıdırlar, konkret desək, sələfi (vəhhabi) məzhəbinin ardıcıllarıdır. Bu durum əhalisinin əksəriyyəti şiə məzhəbinə mənsub olan ölkədə bir az qəribə görünsə də, danılması mümkün olmayan faktdır. Zatən, onların xarici görünüşündən də hansı məzhəbə qulluq etdikləri asanca anlaşılır.

Bir neçə ay öncə idmançılarla eyni təyyarədə xarici səfərə gedən həmkarlarımızdan biri qayıdıb gələndən sonra bir çox federasiyaların idman məkanı olmasından çox, məscidə oxşamasından, idmançıların isə mədrəsə tələbələrinə bənzəməsindən bəhs edirdi, deyirdi, hamısı saqqalıdır, hamısı bir-birinə “əxi” deyir, sanki yarışmağa yox, dini məkanlara ziyarətə gedirlər.

Əlbəttə, inanc məsələsi onların şəxsi işidir, buna kimsə qarışa bilməz.

Bu günlərdə Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbləri tərəfindən təklənərək linç edilən məşhur idmançı Həsən Əzizovun tele-müsahibəsində bir detal vardı. Xarakterik görünüşlü idmançılar onu namaz otağında döyüb, təhqir ediblər. (Qrepplinq güləş növüdür, rəqibə ağrıdıcı və boğucu fəndlər tətbiq etməyə icazə verilir).

Əzizovun müsahibəsindən anlaşılırdı ki, idmançı gənclər sanki baş məşqçinin zombiləri imişlər, onun əmrlərini sözsüz icra edirmişlər, bəlkə də məşqçi onlara “bu məlunu öldürün” əmri versə, onu da icra edəcəkmişlər.

İdmançıların özlərini xüsusi kasta saymaları dünyanın bir çox yerlərində var, postsovet məkanında bu, xüsusilə qabarıqdır. Fiziki güc baxımından adi adamlardan üstün olan bu şəxslər öz üstünlüklərini çox yerdə nümayiş etdirməyə, idmandan ayrıldıqdan sonra bu qabiliyyətləri ilə pul qazanmağa çalışırlar, bu zaman problemlər yaranır. Rusiyada, xüsusilə də Şimali Qafqazda keçmiş idmançıların mühüm bir hissəsinin kriminal aləmə meyllənməsi çoxdan təsdiqlənmiş faktdır. Adətən, idmançılar karyeraları bitəndən sonra ya güc strukturlarına, ya da kriminal aləmə transfer olunurlar. Birinciyə giriş seçim və ələmə mərhələsindən keçir, ikinciyə giriş sərbəstdir.

Bu günlərdə Dağıstanın Mahaçqala şəhərində 20 yaşlı, perspektiv vəd edən Maqomed Mutayev adlı gənc MMA döyüşçüsünü evinin yaxınlığında 8 güllə vuraraq öldürüblər. Tezliklə məlum olub ki, bunu edən Nadirxan adlı, 18 yaşlı başqa bir idmançıdır. Heç demə, bir müddət əvvəl Mutayev öz dostları ilə birlikdə Nadirxanı təkləyib döyüb, təhqir edib. Nadirxan da gedib haradansa tapança götürüb və gəlib qisasını alıb. Beləcə, adi bir qaydasız qoluzorluluq ağır cinayətə, qətlə səbəb olub.

Halbuki öz münasibətlərini qol gücüylə həll etməyə çalışan idmançılar bir az qəzet-kitab oxuyan olsalar, bilərdilər ki, qol gücünə dair məşhur ifadə var, deyirlər, Allah insanları fiziki gücləri baxımından qeyri-bərabər yaradıb, amma mister Kolt insanların şanslarını bərabərləşdirərək, bu səhvi düzəldib. (Mister Kolt deyilən adam silah ixtiraçısıdır).

İdmançı həmkarları tərəfindən döyülən Həsən Əzizov isə daha mədəni və qanuni yola qədəm qoyub, hüquq-mühafizə orqanlarına şikayət edib və ona qarşı ağır xuliqanlıq əməli törədənlərin məsuliyyətə cəlb edilməsinə nail olub.

Bəlkə də bəziləri deyəcək ki, Əzizovun hərəkəti kişilikdən deyil. Bəs 7-8 nəfərin bir adamı təkləyib təpikləməsi, yerdə sürüməsi, şalvarını çıxarmağa cəhd eləməsi kişilikdəndirmi?

Uzun sözün kəsəsi, döyüş növləri üzrə ixtisaslaşan federasiyalara əl gəzdirilməlidir. Onlar ölkənin şərəfini qorumaq üçündür, daha ölkənin adına utanc gətirmək üçün yox.

Xalid KAZIMLI

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"