Dünənə qədər dünyanın ən sevimli futbolçusu olan Lionel Messi bu gün elə deyil.
Milyonlarla futbol azarkeşi onu artıq “başqasının haqqına girən” biri kimi tanıyır.
İş ondadır ki, bu həftə Londonda keçirilən The Best FIFA Football Awards mərasimində Messi 2023-cü ilin ən yaxşı futbolçusu elan edilib. Artıq üçüncü dəfədir ki, Lionel Messi bu mükafatı alır. Əvvəlki iki mükafata heç kəsin deyəcəyi bir söz yoxdur, amma onun indiki mükafatı mübahisəlidir. Ona görə də səsvermənin nəticəsi xeyli azarkeşi qəzəbləndirib, onlar bu mükafatı Messiya halal etmirlər, deyirlər, keçən il o, heç də ən yaxşı futbolçu olmayıb.
Əslində azarkeşlər haqlıdır. Statistikaya qalsa, ötən il 36 yaşlı argentinalı Amerikada bir neçə yaxşı qol vurmaqdan başqa heç nə etməyib. Əvəzində Erlinq Holand və Kilian Mbappe Avropanın yaşıl meydanlarını şumlayırdılar. Rəvadırmı veteran Messi bu gənclərin haqqına girsin?
Bəlkə də o yazığın xəbəri yoxdur, təşkilatçılar onun adını siyahıya daxil edib səsverməyə çıxarıblar, səs verənlər də onun köhnə şöhrətinin təsiri ilə, bir az da yeni “ulduzlar”a paxıllıqdan ona səs veriblər.
15 ildir bütün prestijli mükafatları Messi və Ronaldo alır. Elə bil, dünyada bunlardan başqa yaxşı futbol oynayan yoxdur. Keçən ilə qədər doğrudan da eləydi, onlar hamıdan yaxşı oynayırdılar, demək olar ki, bütün rekordları təzələyirdilər. 2023-də isə vəziyyət dəyişdi, meydana yeni qolçular çıxdı, amma köhnələr “hakimiyyət”i vermək istəmirlər. Birinin 36, o birinin 39 yaşı var, hələ də oynayırlar.
Vaxt vardı, yaşı 30-a çatmış futbolçuları ya təqaüdə göndərir, ya da hörmət edərək ehtiyat oyunçular skamyasında oturdur, cəmi 15 dəqiqə oynadırdılar. Gənc futbolçular onlara “dədə” (“ded”) deyirdi. Amma indi futbolçuların karyera müddəti uzanıb, 40-ı vuranlar var.
Bununla belə, adları çəkilən oyunçular üçün həm milli komandalarının, həm də öz klublarının azarkeşləri arasında qımıldanmalar artıb, deyirlər, onlar artıq qocalıblar, özlərini biabır etməmiş meydandan çəkilmələri lazımdır.
Amma krallıqdan kim əl çəkər? Harada görünüb? Baxmayın ki, bu əsl krallıq deyil, adamlar dövlət idarə etmirlər. Əslində gerçək krallıq elə Messi ilə Ronaldonunkudur. Varidatı varidat, şöhrəti şöhrət, məsuliyyəti isə sıfır. İnflyasiya dərdi çəkmirlər, impiçment qorxuları yoxdur, hərbi çevrilişdən ehtiyatlanmırlar, hara getsələr, yerləri başdandır.
Hərçənd Messi ilə bağlı son hadisə göstərir ki, artıq tənqid oxları onların da qapısına tuşlanıb. Təsəvvür edin, Messini özünün kumiri sayan rus futbolçu Arşavin ötən il “Messi Argentina prezidenti postuna namizəd olsa, bütün rəqiblərinə qalib gələr” dediyi halda bu il deyib ki, Messinin “2023-cü ilin ən yaxşı futbolçusu” seçilməsi düz olmadı, çünki layiq deyildi.
Arşavin düz deyir, Messi gerçəkdən də Argentinada o qədər hörmətlidir ki, prezident seçilə bilər (gələcəkdə o, bəlkə də prezident olmaq istəyəcək, ola bilər, olacaq). Onsuz da argentinalılar keçmiş futbolçunu prezident seçmək məsələsində təcrübəlidirlər, 1989-cu ildə keçmişdə futbolçu olmuş Karlos Menemi prezident seçmişdilər. Menem haqqında bir maraqlı fakt da odur ki, o, suriyalıdır, anası ələvi, atası isə, ermənilərin iddiasına görə, erməni olub, əvvəlcə müsəlman olan Menem sonradan xristian olub, amma 90 yaşında öləndə müsəlman qəbristanlığında dəfn edilib. Qarışıq bir şey.
Argentinanın yeni prezidenti Xavyer Miley də keçmişdə futbolçu olub, “San Lorenso” komandasının qapıçısı olub.
Xüləs, qayıdaq mətləb üstünə. Söhbət “qoca” futbolçuların taxt-tacdan, zirvədən əl götürməməsindən gedirdi. İndi o yerə Holand və Mbappe iddialıdır. Bu il orada da seçki ilidir, bu yeni ikilinin biri yeni kral olacaq. Ola bilər, onlar da Messi və Ronaldo kimi tandem olacaq, futbol azarkeşlərini iki tirəyə böləcəklər. Amma burası dəqiqdir ki, futbol dünyasının köhnə liderləri bu il gedicidir.
Şəhriyar del Geraninin sözü olmasın, sözüm ona ki, heç kəs zəhmətlə dırmaşdığı zirvəni birdən-birə tərk etmək istəmir. Psixoloji məsələdir.
Samir SARI