Tərlan Əhmədova 2016-nın ən böyük haqsızlığını etdik!

23 Dekabr 2016 13:00 Köşə 1 047
Tərlan Əhmədova 2016-nın ən böyük haqsızlığını etdik!

2016-cı ilin son günləri güllə kimi keçir. Tədbirlər, nominasiyalar "ilin nələri" bir-birini əvəzləyir. İlboyu yuxuya gədənlər, ortaya fəaliyyət qoymayanlar bugünlərdə "dirilir", mükafat paylayır, qalibləri elan edir. Kim kimlə yaxındı, münasibəti yaxşıdı, onu da qabağa çəkir. Əsl "Azərbaycansayğı sorğular" belə olur, belə də olmalıdı. Biz buyuq, adın ucundan yapışıb, ucuzluğa tərəf getməliyik.

Hara, hansı sorğu anketinə baxıram, bir yerdə Tərlan Əhmədovun adına rast gəlmirəm. Hətta Adil Şükürovla Şahin Diniyevə də yer tapılır, ona isə deyil. Nədi bu qısqanc və obyektivlikdən uzaq baxışın, yanaşmanın səbəbi? Deyin görüm də, Diniyev başa çatmaq üzrə olan ildə qeyri-adi nə uğura imza atıb?

"Kəpəz" Premyer Liqada 5-ci pilləni tutub, turnir cədvəlində özündən irəlilədkilərin məlum sanksiyalar üzündən Avropa Liqasına gedə bilməməsindən yararlanıb, I mərhələ keçib. Hə, nə olsun? Kriminal prezidenti olan "Daçiya"nı udub deyə, əllərimiz üstündə gəzdirməliyik Diniyevi?

Hələ Moldovadakı oyun ətrafında şübhələr… Dario Federikonun vurduğu qələbə topunda rəqib qapıçının yol verdiyi gülməli səhvi xatırlayanda… "Kəpəz"in qalibiyyətinə kölgə salmaq fikrim yoxdu qətiyyən. Ancaq bir oyuna görə Diniyevin ilin ən yaxşı məşqçisi seçilməyə namizədlər arasında göstərilməsi piar kampaniyasının uiancverici üzüdü.

Adil Şükürov? Onun məşqçi olmasına hələ 1 əsr var, biz niyə özümüz-özümüzü aldatmalıyıq? "Zirə" rəhbərliyi o şəraiti hansı mütəxəssisə yaratsaydı, gözyümlu medal qazanardı. Bu klub problemin nə olduğunu bilmir. Bütün klublar maliyyə böhranı ilə üzləşdiyi halda, sponsoru "Zirə"yə çətinlik hiss etdirməyib. Adil Şükürovun əvəzinə Rəşad Sadıqov namizədlərin siyahısında yer alsaydı, razılaşardım hardasa. Gün və gül kimi aydındı ki, "Zirə" onluqdu, keçənmövsümkü transfer siyasətini o həyata keçirib.

Tərlan Əhmədova haqsızlıq edirik. İlin məşqçisi o olmalıydı, vəssalam! AZAL dərin quyudu. Ora bir gedən sevinir, bir də işdən çıxan. Əhmədov ötən sezon kasıb-kusub komandası ilə çəmpionata öz damğasını vurdu. Millətin tamamı əmin idi ki, illik büdcəsi 150 min manat olan AZAL bütün oyunları uduzacaq, Premyer Liqanı I Diviziona dəyişəcək.

O isə yenə təəccübləndirdi. Heç kimə lazım olmayan futbolçularla hamıyla kəllə-kəlləyə gəldi, qabaqlarından qaçmadı, hətta avrokuboklara vəsiqə qazanmağa belə, yaxın idilər. Əgər klub rəhbərliyi həlledici anda – aprel və may aylarında cüzi maaşı futbolçuların burnundan gətirməsəydi, AZAL Avroliqa yolunda "Neftçi"ni də qabaqlayacaqdı. Nəticə budu, pulu/imkanlı komandada işləməyə nə var?!

Əhmədov məhrumiyyətlərdən, əzab-əziyyətdən, cəfa çəkməkdən usanmadı, qoyub qaçmadı, göstərdi ki, həqiqi məşqçi, həqiqi lider, həqiqi avtoritet necə olur! Doğrudan doğruya fədakarlıq etdi. İndi beləsini kənara qoymaq, xatırlamamaq, adını siyahının bir küncünə yazmamaq heç insafdandımı?

VÜQAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer