Azarkeşsiz futbol "vodka"sız xaş kimi bir şeydir

16 Noyabr 2023 01:00 Köşə 1 032
Azarkeşsiz futbol "vodka"sız xaş kimi bir şeydir

Aktyor çıxır səhnəyə, məsələn, günümüzün möhtəşəm aktyoru Nurəddin Mehdixanlı və baxır zala.

Görür zalın yarıdan çoxu boşdu.

O, necə və hansı hisslə istədiyi obrazı yarada bilər? Tamaşaçının isti nəfəsini hiss eləməyən aktyor yayın istisində üşüyür.

Futbol da belədir. Çıxırlar meydana, o boyda stadionda 200, bəzən 300 nəfər azarkeş var. Bunu görən futbolçu da Nurəddin Mehdixanlı kimi, yayın cırhacırında üşüyəcək. Nə oyun göstərəcək, kimə göstərəcək və kimin üçün oynayacaq?

Hamı Azərbaycan futbolçularından Avropa futbolu tələb edir. Sən özün avropalı azarkeşsənmi Avropa futbolu tələb edəsən?

Azərbaycan çempionatında bir-iki komandanı çıxmaq şərtilə digər klubların oyunlarına barmaqla sayılacaq azarkeş gəlir.

«Turan» Tovuzun azarkeşlərinə «5» düşür. Hər oyununa 5-6 min adam gəlir və sonadək komandalarını da dəstəkləyirlər. Özü də qəribədir ki, «Turan» öz meydançasında uduzur. Amma növbəti oyunda da stadion yenə doludu. Azarkeşlər komandalarına inanırlar, onu tək qoymaq istəmirlər.

«Qarabağ»ın Avroliqa oyunlarında Tofiq Bəhramov stadionuna iynə atsan yerə düşməz, amma gəl ki «Zirə» ilə və ya «Səbail»lə oyununda stadionda öz fanatlarından başqa heç kim yoxdu, yəni «Qarabağ Ordu», «İmarət tayfa» və Allahverdi Bağırovun portreti.

Özü də maraqlıdır ki, builki Azərbaycan çempionatı əvvəlki illərdən fərqlənir, çox gərgin keçir. Xüsusilə də «Araz» Naxçıvan və «Sumqayıt» çempionatın gərgin və maraqlı keçməsində əhəmiyyətli rol oynayır. «Səbail»in özü də.

Gəlirəm yenə öz komandama – «Qarabağ»a. Dəfələrlə yazmışam, yenə yazıram, Bakıda bəlkə də 30 min ağdamlı yaşayır, amma «Qarabağ»ı dəstəkləməyə 3 min ağdamlı gəlmir. Bir dəfə yazmışdım, stadionun kənarındakı Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında əsasən ağdamlılar məskunlaşıb, yəqin hələ də ordadılar, çünki Ağdama hələ qayıdış başlamayıb. Yataqxananın həyətində domino oynamağa vaxt tapırlar, amma yüz addımlıqdakı stadionda öz sevimli komandalarını dəstəkləməyə vaxt tapmırlar.

Bu gəncəlilərə də aiddi, qəbələlilərə də, naxçıvanlılara da. Mən misalı öz ağdamlılarımdan çəkdim ki, başqalarının xətrinə dəyməsin.
Yeri gəlmişkən, «vodka»sız xaşdan da bir lətifə yazım.

İki nəfər xaşxanada oturub xaş yeyirlər. Yol polisi onların xaş yediyini görüb kafenin kənarında gözləyir. Xaş yeyənlər nəhayət, çıxıb otururlar öz maşınlarına. Bir əlli addım sürməmiş polis saxlayır.

Sürücüyə deyir:

- İçmisən?

- Yox, içməmişəm.

- Xaş yemisən?
- Yemişəm.

-Deməli, içmisən.
- İçməmişəm.

- Xaş yemisən?
- Dedim ki, yemişəm.

- Deməli, içmisən.
- Dedim ki, içməmişəm.

- Bir ho elə.

Xaş yeyən sürücü ho eləyir, polis görür ki, doğrudan içməyib, başını bulayıb deyir:

- Day deynən xaş yeməmişəm də, p** yemişəm.

Lətifənin yuxarıda yazdıqlarımla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, yadıma düşdü yazdım. Stadiona gedin, komandanızı dəstəkləyin, ondan sonra xoşunuza gəlməsə tənqid edərsiniz. Yoxsa evdə pürrəngi çay içə-içə, ya «vodka» vura-vura televizorda futbola baxıb alimlik etməyin. Heç olmasa komandalarınızı ruhdan salmayın.

Aqil Abbas

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"