Azərbaycan futbolunu bu adamlar xilas edəcək - SİYAHI

3 Sentyabr 2023 21:40 Köşə 12 218
Azərbaycan futbolunu bu adamlar xilas edəcək - SİYAHI

“Komanda liqada qalmaq şərtilə, nə qədər uduzsa da, Elmar Baxşıyev baş məşqçi postunda qalacaq.

Ona və futbolçularıma tam inanıram, güvənirəm.

Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Əvvəldən danışığımız belə bu olmayıb. Ardıcıl iki il bunu etdik. Ola bilər ki, bu mövsüm bacarmayaq. Alınsa da, lap yaxşı.

Bundan əvvəlki illərdə komanda tam dağılırdı. Futbolçularla iki illik müqavilə edə bilməzdim, çünki dayanıqlıığımız yoxdur. Komanda dağılsaydı, gərək mən evimi, maşınımı satıb maaşları verərdim”.

Bu fikirlər ardıcıl 4 məğlubiyyətdən sonra Premyer Liqanın 5-ci turunda “Zirə”ni məğlub edən (1:0) “Qəbələ”nin prezindeti Fariz Nəcəfova məxsusdur.

Fariz bəyin bu yanaşmasına görə şəxsən ona təşəkkür edirəm. Bir daha necə dürüst və sədaqətli olması ilə bərabər, həm də futbolu yaxşı bilən lazımlı rəhbər, idarəçi olduğunu göstərmiş oldu.

Bəziləri kimi uğursuzluqda günahkar axtarmadı, əksinə son günlər günahkar hesab olunan, istefası yersiz müzakirə edilən Baxşıyevin arxasında dayandı.

Kütlə təfəkkürün yox, peşəkar yanaşmanı seçdi. Həqiqətin gözünə dik baxdı. Futbolumuzun belə funksionerlərə böyük ehtiyacı var.

Axı Azərbaycan futbolunda əksər vaxt ən böyük problem idarəçilərlə bağlı olub.

Götürək, Azərbaycan Futbol Federasiyaları Assosasiyaların (AFFA). İllərdi bu quruma dövlətdən milyonlar ayrılır, amma ortada heç bir inkişaf yoxdur.

Məsələn, Azərbaycan milli komandası 10 il əvvəl hardaydı, indi hardadı?

Geri getmişiksə, irəli bircə addım da atmamışıq.

İnkişaf üçün məşqçiləri, futbolçuları əlcək kimi dəyişiblər, amma yerimizdə saymağa davam edirik.

Hamımıza tam aydındır ki, əsas millinin problemi futbolçu və məşqçidə yox, yanlış seçimlər edən rəsmilərdədi. Pullar sel kimi dağıdılıb mənasız layihələrə, əcnəbi məşqçilərə, milliləşdirilən futbolçulara.

AFFA-nın siyasəti klublarımıza da sirayət edib.

“Bakı”, “Xəzər Lənkəran” kimi klublar da oxşar siyasətin qurbanı olublar.

Siyahını o qədər uzatmaq olar ki...

Amma məqsədim bu ölkənin futbolun, pulun dağıdanlardan yox, quranlardan danışmaqdır.

Bəli, son zamanlar sevindirici haldır ki, futbol sferasına gələn idarəçilər nəinki öz pullarını, hətta dövlətin ayırdığı pulları maksimum düzgün şəkildə xərcləməyə çalışırlar.

Ən əsası kütlənin mənasız çağırışlarına məhəl qoymadan doğru bildikləri yolla irəli gedirlər.

Məsələn, buna misal ötən il Premyer Liqada çıxış edən “Şamaxı”nı nümunə çəkə bilərəm. Bölgə klubu dövlət tərəfindən ayrılan 3 milyonu hara gəldi xərcləmədi.

Lazımsız legionerlə isə heç xərcləmədi. Bu istiqamətdə olan çağırışlara, qınaqlara rəğmən.

Mövsümü ancaq yerli futbolçularla keçindilər. Düzdü, Premyer Liqada qalmaq məqsədlərinə çatmadılar, amma Azərbaycan futboluna ləyaqətlə xidmət etdilər. Həm də gəlir qazanaraq.

Belə ki, ötən il “Şirlər”in heyətində yer alan 10-a yaxın futbolçu bu gün yenə digər yüksək liqa təmsilçilərində əsas heyət üzvüdür. Əksəriyyəti isə gənc azərbaycanlı balaları.

Klub isə onların satışından 100 min manatdan çox qazanc əldə edib. Birinci divizionda çıxış edəcək klub üçün kifayət qədər faydalı məbləğ hesab oluna bilər.

Bəzi futbolçuların keçidinə güzəşt etməsəydilər qazanc ən azı 2 dəfə çox ola bilərdi.

“Turan Tovuz”a sponsorluq edən “Huner Group”un sahibi Ehtiram Quliyev də xüsusi rəğbətə layiq rəhbərdir.

Gələn kimi milyonlar xərcləyib avrokuboklara getmək yolunu tutmadı. Pulunu daha çox infrastruktura xərcləyir, gələcəyə yatırır.

Kütlə baş məşqçi Ayxan Abbasovu istefaya səsləyəndə ona sahib çıxdı. Kütlədən yersiz görünən böyük tələbləri, iddiaları eşidincə yenə özünü qabağa verdi.

Yerində və lazımlı açıqlamalarla araya sərinlik gətirdi.

“Qarabağ” illərdi qazandığı sabit uğurlara Qurban Qurbanova sahib çıxmaqla, yanında olmaqla nail olub. Məğlubiyyətlərdə, uğursuzluqlarda qərarlar kütlə təfəkkürü ilə verilməyib.

Azərbaycan futboluna yaxşı məşqçidən, yaxşı futbolçudan çox məhz yuxarıda adlarını sadaladığım klub rəhbərləri lazımdır.

Onda yaxşı məşqçimiz, yaxşı futbolçumuz, yaxşı klublarımız, elə yaxşı milli komandamız da olacaq.

XANOĞLAN İMANOV

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!