"Qarabağ" - Reklamlar bitdi, seyrə davam!

18 Avqust 2023 20:40 Köşə 2 177
"Qarabağ" - Reklamlar bitdi, seyrə davam!

Könül istərdi ki, “Qarabağ”la birlikdə digər təmsilçilərimiz də avrokubokların qrup mərhələsinə vəsiqə qazansın.

Premyer Liqamızla yanaşı avrokuboklardakı təmsilçilərimiz haqda yazıb-pozmaq nə gözəl olardı.

Təəssüf, bu dəfə də üzümüzü ancaq “Qarabağ” güldürdü. Öncə “Qəbələ” sıradan çıxdı, sonra da növbə ilə “Neftçi”ylə “Sabah”.

Haqqına danışaq, bu gün bizimkilərin yeri elə Azərbaycan çempionatıdır.

“Beşiktaş”ın qarşısında heç nə edə bilməyən “Neftçi”, “Partizan”la cavab qarşılaşmasında 2:0-lıq üstünlüyü boşa verən “Sabah” guya pley-offda nə edəcəkdi?

Ona görə də üzülməyə dəyməz. Oturub, “Qarabağ”ın Avropa Liqasının qrupuna vəsiqə qazanacağı günü gözləyək.

Sizi bilmirəm, mənim üçün Premyer Liqamızın dadı-duzu başqadır. Adam ümumi ab-havaya elə öyrəşib ki, çempionatda fasilə yarananda sanki nəsə çatmır.

Ona görə də bizimkilərin avrokuboklardakı iştirakı mənə maraqlı filmə baxdığın yerdə ekrana gələn reklamı xatırladır.

Bahalı maşın, elit yaşayış kompleksində mənzil, Maldiv adalarında istirahət rolikləri var e, məcburiyyətdən baxırsan, amma bilirsən ki, bu gün üçün reallaşması mümkün deyil.

Futbolumuz da belədir. Çempionat başa çatır, yay fasiləsi yaranır. Ortaya reklamları xatırladan avrokubok matçları girir.

Bilirik ki, 1-2 aylıqdır, ən yaxşı halda “Qarabağ” nəsə edəcək, sonra yenə qayıdacağıq Premyer Liqamıza.

Odur ki, dostlar, alnımıza yazılan məşhur cümləni yada salıb, yolumuza davam edək: “Reklamlar bitdi, seyrə davam”.

HƏBİB

Xəbər Lenti