COP29

Qaraçı Əlövsət və Şahruddin

29 İyul 2023 14:20 Köşə 3 871
Qaraçı Əlövsət və Şahruddin

60-70-ci illərdə Ağdamın «Qarabağ» komandasında Əlövsət adında bir sağ kənar yarımmüdafiəçisi vardı, hücuma meylli idi.

Çox cəld və qıvraq bir futbolçu idi. Bu futbolçu haqqında bir dəfə yazmışam, camaat onu «Qaraçı Əlövsət» çağırırdı.

Hər mövsüm öz qapımıza səkkiz-doqquz top vurardı. Onun haqqında yazanda zəng vuraraq güldü və dedi ki, Aqil müəllim, ta o qədər yox də, uzağı altı.

Elə ki bizim qapımıza ya cərimə zərbəsi, ya küncdən top qaldırırdılarsa qapıçı Saşa (Hüseyn Əhmədov, bir ara «Neftçi»nin əzəzedici heyətində də oynayıb) müdafiəçilərə göstəriş verəndə ki, sən rəqibin «9» nömrəsini tut, sən «7» nömrəsini, sən «11» nömrəsini və mütləq bir müdafiəçini də ayırırdı Qaraçı Əlövsəti tutmağa:

- İngilis, sən də Əlövsəti tut ki, topu öz qapımıza vurmasın.

Hətta bir dəfə Əlövsətin güclü zərbə ilə öz qapımıza vurduğu topu Saşa birtəhər çıxartdı, yenə top getdi Əlövsətin ayağına və Əlövsət bu dəfə doqquzluğu nişan aldı və qol.

Yerindən qalxan Saşa Əlövsəti söyə-söyə deyirdi:

- Ə, filan-filan olmuş, elə vur tuta bilim də.

İndi gərək mötəbər oyunlarda Qurban Qurbanov mütləq bir müdafiəçimizi ayırsın ki, Şahruddini tut.

Mən dəfələrlə Şahruddini müdafiə etmişəm, yenə də edirəm. Bir məşhur lətifə var, yazmıram, qısaca deyim bilənlər tutacaq, at başlayır səhvlər etməyə, sahibi deyir:

- At, bu bir. At, bu iki. At, bu da üç. - deyir və xəncəri saplayır atın ürəyinə.

Bu vaxt təzəcə aldığı xanımı deyir:

- Ay kişi, atı niyə öldürdün?

- Arvad, bu bir.

Bəli, Şahruddinin hesabına oyunu uduzduq. Şahruddini tənqid etmək olar və edirik də. Amma futbolu bilən də, bilməyən də sosial şəbəkədə «Qarabağ»ı dəfələrlə çempion etmiş bu qapıçı haqqında hamı ağzına gələni yazır, təhqirdən belə çəkinmirlər. Qarşıda cavab oyunu var, Şahruddini sındırmaqla nə qazanacaqsınız?

Vaqif Cavadov «Qarabağ»da oynayarkən oturmuşam şərəf tribunasında oyunçularla, məşqçilərlə bir yerdə. Oturanlar hamısı futbolçularda, xüsusilə Cavadovda tutduqları nöqsanlardan danışır, bağırırlar. Rəhmətlik Füzuli Cavadovla yanaşı oturmuşam, birdən qalxdı ayağa, dedi:

- Ə, burda hamı futbol professoru imiş ki.

Və əsəbindən stadionu tərk elədi.

İndi ölkədə hamı futbol professorudu. «Qarabağ»ı təkcə Avropada yox, bütün dünyada məşhurlaşdıran Qurban Qurbanova məsləhətlər verir:

- Filankəsi sağ kənarda oynat, filankəsi oyuna buraxma, filankəsi müdafiənin mərkəzinə qoy və Şahruddini də vur öldür.

Aqil Abbas

Xəbər Lenti