Yaxşı olacaq, Musa!

25 İyul 2023 02:40 Köşə 1 887
Yaxşı olacaq, Musa!

Azərbaycanlı futbolçulara Avropada az inanırlar, bizimkilərin marka dəyəri "köhnə qitə”də aşağıdır.

Bu inamsızlıq təkcə bu günün, yaxud da dünənin məsələsi deyil.

İllərdir ki, formalaşan münasibət var, onu qısa müddətdə dağıtmaq, bizə xeyli yüksəkdən zillənən baxışları dəyişmək heç də asan məsələ deyil.

Bir halda ki, bizim milli komandalarda ən yüksək pillədən ta aşağı yaş qruplarına qədər "milliləşdirilmiş” futbolçular çıxış edir, onda biz avropalıları da qınaya bilmərik. Əsas millimiz müxtəlif vaxtlarda meydana 6-7 qeyri-azərbaycanlı, yəni ki, sonradan Azərbaycan pasportu ilə təmin edilmiş futbolçudan qurulmuş heyətlə oynayıb. Bu isə o deməkdir ki, azərbaycanlı futbolçular öz milli komandalarının heyətində beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək gücdə deyillər. Həmin o baxışın da formalaşmasında bilavasitə AFFA məsuliyyət daşıyır. Əcnəbi mütəxəssislərə daim qucaq açan futbol qurumu azərbaycanlı futbolçuların və məşqçilərin imicinə çox böyük zərbə vurub. Belə olan halda Avropanın bir çox ölkələrində azərbaycanlı futbolçular çətinliklə üzləşirlər. Onların qarşısını məşqçi etimadsızlığı ilə yanaşı bürokratik əngəllər də kəsir.

Necə ki, Musa Qurbanlı günlərdir bu əngəllərin əziyyətini çəkirdi. İyulun ilk günlərində İsveçin "Yurqorden” klubu ilə müqavilə imzalayan Musanın yeni komandasında debütü yarım aya yaxın yubandı. Bunun da səbəbi o idi ki, İsveç qanunlarının tələbləri Qurbanlının işçi vizası alması xeyli mürəkkəbləşdirmişdi. Hər nə qədər "Yurqorden” rəsmiləri Musanın sənədləşmə işlərini tez yekunlaşdırmağa, onun xidmətindən yararlanmağa çalışsalar da, bu proses təxminən 15 gün davam etdi. Düzdür, həmin müddətdə Musa yeni komandasının düşərgəsinə yollanmış, məşqlərə qoşulmuşdu.

Amma həm prosesin yoruculuğu, həm də rəsmi oyunlardan uzaq düşməsi futbolçuya mənfi təsirini göstərməyə bilməzdi.
Ətraflı

Musanın qarşısına çıxan əngəl təkcə bu olmadı. Tale elə gətirdi ki, onun sənəd problemi "Elfsborq”la oyun ərəfəsində həll edildi, millimizin üzvünün meydana çıxmasına bürokratik əngəl qalmadı. "Elfsborq”un adı futbol azarkeşlərinə yaxşı tanışdı. İsveçin ən köklü və tanınmış klublarından olan "Elfsborq”un işləri bu il də qaydasında gedir. Musanın komandası ilə görüşə qədər 15 oyun keçirən Buros təmsilçisi inamla turnir cədvəlinə liderlik edirdi. İndiyə qədər 6 dəfə İsveç çempionu olan, iki dəfə ölkə kubokunu qazanan 119 yaşlı klub "Yurqorden”lə oyuna da favorit qisminə çıxmışdı.

Artıq ilk hissənin gedişində bu status öz təsdiqini tapdı, qonaqlar meydan sahiblərinin qapısına fasiləyə qədər üç cavabsız top vurdular.

Görüşün 58-ci dəqiqəsində "Yurqorden”in baş məşqçisi Kim Berqstrand Musanı "döyüşə atdı”. Amma qapısında üç top görən, özü də lider komandayla qarşılaşan "Yurqorden”i xilas etmək təkbaşına Musanın işi deyildi. Meydan sahibləri onsuz da "döyülmüş”, ağır psixoloji duruma düşmüşdülər. "Elfsborq”a nəinki cavab vermək mümkün olmadı, əksinə, "Yurqorden” qalan dəqiqələrdə daha bir dəfə azarkeşlərini məyus etdi, yekunda 0:4 hesablı məğlubiyyətlə barışmalı oldu. Bizim üçün bu məğlubiyyəti üzücü edən daha bir məqam odur ki, acı yenilgi Musa Qurbanlının yeni komandasında debüt oyununa təsadüf etdi. Obrazlı desək, Musanın "siftəsi korlandı”.

Amma dünyanın sonu deyil. Təcrübəli liderlə görüşdə məğlub olmaq heç də bağışlanmaz qəbahət deyil. Özü də Musa meydana çıxana qədər iş-işdən keçmişdi. Legioner kimi ilk oyununu keçirən 21 yaşlı hücumçu üçün bu da bir sınaq idi. Məğlubiyyəti unudub, gələcəyə baxmaq zamanıdı. Heç şübhə etmirəm ki, Musa İsveç çempionatında sözünü deyəcək, vurduğu qollarla komandasına qələbələr qazandıracaq. Hələ yolun uzundu, Musa. Əmin ol ki, hər şey çox gözəl olacaq! (qaynarinfo)

Amal Abuşov

Xəbər Lenti