Tərlan Əhmədov üçün Həbib nümunəsi

13 İyun 2023 16:40 Köşə 2 730
Tərlan Əhmədov üçün Həbib nümunəsi

İllərdir xasiyyətimdəki qüsurlara görə narahatlıq yaşayırdım. Bəzi cəhətlərim doğmalarımı narahat edirdi.

Tez-tez eşitdiyim iradlar bu idi ki, Allah hər bir insanın arzuladığı keyfiyyətləri mənə verdiyi halda (boy-buxun, səs, savad, şirin dil), bəzi lazımsız hərəkətlərim yaxşı tərəflərimi silib aparır.

Əsəbi olmağım, hövsələsizliyim, sonda deyiləcək sözü əvvəldən söyləməyim, hamını özüm kimi bilməyim, siqaretə hədsiz meylliliyim – bunlar mənfi keyfiyyətlərim idi və bunları özüm də bilirdim. Sadəcə, dəyişə bilmirdim. Əslində, istəyirdim, alınmırdı.

Şəxsi həyatımda başıma gələn xoşagəlməz olaylardan sonra güzgünün qabağında dayanıb, özümlə danışdım. Kənardan söylənilənlərin doğru olması ilə qəbullanıb özümə söz verdim ki, dəyişəcəyəm.

“Artıq 40 yaşım var, övlad atasıyam, uşaq böyüyür, əhatəmdə məni sevənlər çoxdur” düşüncəsi ilə qısa vaxtda xarakterimdəki qüsurlara “əl gəzdirdim”. Deyilənə görə, yaxşıya doğru dəyişmişəm. Dəyişməkdəyəm.

Tərlan Əhmədova da Tanrı arzulanan çox şeyi verib: Ad-san, boy-buxun, baxımlı futbolçu karyerası, məşqçilik bacarığı. Amma xasiyyətindəki nöqsanlar məşqçi kimi böyüməsinə, bir yerdə duruş gətirməsinə mane olur. Və beləcə ruhdan düşür, sevib-seçdiyi sənətə həvəsini öldürür.

Adamın xarakterində çox ciddi qüsurlar var. Əminəm ki, özü də bunun fərqindədir. Bir məşqçi son 5 ildə çalışdırdığı 3 klubla hədəfə çatdığı halda, növbəti ildə xidmətinə ehtiyac duyulmursa, deməli, problem özündədir.

Bir klubun rəhbəri qərəzli ola bilər, ikinci klubun prezidentinə yanlış informasiyalar çatdıra bilərlər – normaldır. Amma eyni hal üç dəfə təkrarlanırsa, Əhmədov günahı özündə axtarmalıdır, rəhbərlərdə yox.

“Kəpəz”də işlədiyi dönəmdə tənqid olunmasında içi biz daxil bəzi jurnalistləri suçlayan bu adam öz gözündəki tiri görmədən sağı-solu vurmaqla məşğul idi. Elvin Yunuszadədən başlayıb Rauf Əliyevə keçdi, bu, bəs etmədi, Əfran İsmayılovla davam etdi. Klubdakı məşqçi və işçilərlə münaqişə yaşadı. Qısası, “Kəpəz”i heç bir rəhbərə xoş gəlməyəcək duruma saldı.

Komandasının işləri rəvan gedəndə “komandanı elitada saxlayıb, gedəcəyəm” dedi, çempionatın finişinə yaxın yumşalıb, növbəti müqavilə həvəsini ortaya qoydu. Bununla da sözünün üstündə dayana bilməmək keyfiyyətini göstərdi.

Əhmədovu 15 ildir yaxından tanıyan biri kimi deyirəm, futboldakı yaxın dostlarının, illərlə birlikdə çalışdığı adamların əksəriyyəti ilə münasibəti korlanıb. Vaxtilə ürəyinin başında saxladığı dostlar da xarakterindəki nöqsanları əsas gətirərək uzaqlaşıb.

Tərlan bəy Əhmədov, hər şey insanın öz əlindədir. Yaxşıya doğru dəyişmək ayıb deyil. Ayıb olan qüsurları bilə-bilə dəyişməmək, hər getdiyin klubdan uzaqlaşdırılmaqdır. Bu yaxınlarda övlad toyu etdiniz. Allahın izni ilə gələn il bu vaxt nəvə oynadarsınız. Çalışın, problemləri aradan qaldırın. Necə deyərlər, dəyişin, inkişaf edin.

İnanın, o zaman gördüyünüz işdən, əhatənizdəki insanlardan, hər şeydən zövq alacaqsınız. Adamlar da sizdən uzaqlaşmayacaq.

HƏBİB

Xəbər Lenti