“Qarabağ” futbolda nədirsə... Zövq verən yarışlar

16 May 2023 14:20 Köşə 1 654
“Qarabağ” futbolda nədirsə... Zövq verən yarışlar

Qardaş Türkiyədə prezident və parlament seçkilərində verilən səslər şartaşart sayıldığı, həyacanın, türkün sözü, dorukda (yəni dağ zirvəsində) olduğu vaxt, görürəm ki, virtual dostlardan biri eynilə belə bir status yazıb: “

Ömür boyu buradakı seçkilərə ayaq basmayan məxluqların qardaş Türkiyədəki seçkidən yana belə "həyəcanlanma”sını başa düşən varmı?!”

Belə baxanda cümlənin ilk yeddi sözü düzdür, “ömrü boyu buradakı seçkilərə ayaq basmayan məxluqlar” ölkəmizdə N qədərdir. Onlar ümumiyyətlə heç bir seçkiyə getmirlər və bununla fəxr eləyirlər.

Ancaq onların “qardaş Türkiyədəki seçkidən yana “həyəcanlanma”sını başa düşən”lər də var. Şəxsən mən onları başa düşürəm və bu məsələdə müəmmalı, anlaşılmayacaq bir şey yoxdur.

Məsələ yarışma həyəcanına bağlıdır. Bizdə maraqlı, gərgin yarışma oldu da, maraqlanan, həyəcanlanan olmadı?

İdman üzərindən götürək, “Zirə” ilə “Sabah” bir gün “Barselona” və “Real” kimi, yaxud “Mançester siti” və “Çelsi” kimi oynadılar, biz stadiona gedib baxmadıq?

Baxın, “Qarabağ” Avropanın ortabab klublarından biri ilə oynayanda stadiona 40 minə yaxın adam gedir, Bakı Liverpula oxşayır. Niyə? Çünki maraqlıdır. Hamı bilir ki, prinsipial oyun gedəcək, gərgin, həyəcanlı anlar yaşanacaq. Amma 3 gündən sonra həmin “Qarabağ” “Sumqayıt”la oynayanda heç sektorun birini dolduracaq qədər adam stadiona getmir. Hamı bilir ki, “Qarabağ” udacaq, ta stadiona nəyə getsinlər, axşam hesabı öyrənəcəklər.

Seçki məsələsində də elədir. Bizim ölkədə istənilən seçkidə YAP qalib gəlir, ona görə də camaat seçkiyə kütləvi şəkildə getmir, eləcə bir sektorluq adam gedir, yerdə qalanlar isə axşam AzTV-də hesabı, yəni YAP-ın namizədlərinin nə qədər səs topladığını öyrənir, məsələ bitir. Amma dövlət rəhbərliyi Moskvada, Brüsseldə Ermənistan rəhbərliyi ilə görüş keçirəndə hamı diqqətlə izləyir ki, görsün, nə olacaq, necə olacaq.

İndi elə çıxmasın ki, müəllif “Qarabağ” futbolda nədirsə, YAP da siyasətdə odur” demək istəyir. Xeyr. Sadəcə, məsələyə ictimai həyəcan baxımından yanaşıram.

Bizdə seçkilərdə Türkiyədəki qədər kütləvi həyəcan olmur. Hərçənd hökumət adamları həmişə həyəcanlı olur. Xüsusilə də məntəqə seçki komissiyalarının rəhbərləri, məktəb direktorları seçkilərdə çox həyəcanlanırlar, ilk dəfə oğul evləndirən toy yiyəsi şadlıq sarayında o yana-bu yana gəzişdiyi kimi onlar da eyzən hövllü-hövllü gəzirlər, elə bilirlər, o yan-bu yan olsa, kabinet, möhür, hər şey əldən çıxacaq.

Son 35 ildə bu cür aşırı həyəcan keçirən, hətta cinayət törətməyə hazır olan, sifətinin qanı qaçmış məntəqə sədrləri, məktəb direktorları çox olub. Eləsi olub, sifətinə baxanda elə bilmişəm, bu saat öləcək, qanı “seçki dürüst olmalıdır” deyən müşahidəçilərin üstündə qalacaq.

Onlardan fərqli olaraq komissiyalardakı müxalifətçilər çox həyəcanlanmırlar, oturub müşahidə edirlər, YAP qalib gələndə bəziləri protokolu imzalayır, bəziləri imzalamır, amma ta durub dalaşmırlar. Çünki bir az əvvəl dalaşmaq niyyətində olanları polis tutub aparıb, yerdə qalanlar da dərsini götürüb və gecəni polis bölməsində keçirmək istəmir...

Seçicilər isə qətiyyən həyəcanlanmırlar. Onların fikrincə, “seçkinin taleyi çoxdan həll olub”, “yenə də özləri seçiləcək”, “xeyri yoxdur, kimi istəsələr, qutudan o çıxacaq”, “guya bu birilər gəlib hər şeyi düzəldəcəklər?” və s.

Ona görə də xalqımız yaxın ölkələrdə, ABŞ-da, Fransada keçirilən seçkilərdə ikiyə bölünür, hər tərəf özünə bir “şir” tutur və onların boğuşmasına azarkeşlik edir. Düzdür, o biri ölkələrdə bir “şir”in digərini boğub hakimiyyətə gəlməsinin bizə o qədər də isti-soyuğu yoxdur, amma yenə də bu detal bizim başqa ölkələrdəki seçkiyə marağımızı azaltmır.

Ona qalsa, “Milan” “İnter”ə, yaxud da “İnter” “Milan”a qalib gələndə də cibimizə bir şey girmir, amma bu, bizim azarkeşliyimizi eyni həvəs və qızğınlıqla davam etdiririk.

Başqa sözlə, biz seçki kimi siyasi yarışmalara da sırf idman yarışları kimi baxırıq, heç biri həyatımızı dəyişdirmir, sadəcə, zövq verir, əyləndirir.

İlin bu beş ayını Türkiyə seçkisi ilə yola verdik, o biri yarısında da görək harda nə olacaq. Gələn il ABŞ-da prezident seçkiləri olacaq, ona da artıq indidən hazırlaşırıq, Trampla Baydeni təzədən “güləşdirəcəyik”. Perspektivdə Putinin seçkisi də var. Onun da yenidən prezident seçilməsi maraqlı olacaq.

Samir SARI

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?