“Təpəni dağıdaram” söyləyən “istedad” – QALMAQALLI VİDEO

3 May 2023 16:40 Köşə 2 110
“Təpəni dağıdaram” söyləyən “istedad” – QALMAQALLI VİDEO

İstedadlı tərbiyəsiz – “Təpəni dağıdaram, küçük”

- Durma burda! Qabağımdan çəkil! İkinci dəfə belə iş tutsan, təpəni dağıdaram. Küçük.

- Mən burda öz çörəyimi qazanıram.

- Qazan e, qazan.

- Məni heç kim əzə bilməz. Sən məndən böyüksən.

- Ə, səni əzmirəm. Səni başa salıram. Durmusan, gic-gic danışırsan (azyaşlının sinəsinə yumruq vurur).

- Əlini çək, məni vurma, əmi. Düzgün eləmirsən. Başa düşürsən? Mənim də əlim-qolum var. Amma mən səndən balacayam.

- Otur, kofeni iç.

- Varındır, sağlığına qismət. İşləmisən, almısan. Bu qədər insan baxır. Mən sənə heç nə demədim. Allaha şükür, məni burda hamı tanıyır. Heç kimə qarşı da ədəbsizliyim olmayıb.

Hamıya yaxşı tanış olan bu dialoq Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevlə park xidməti ilə pul qazanan Kənan adlı azyaşlının arasında yaşanıb.

Videoçəkilişdən də göründüyü kimi, Araz ayağı boyda olan uşağı təhqir edir, sinəsinə yumruq vurur, onu hədələyir.

İnanmıram ki, Araza bu tərbiyə evdə verilib. Mümkün deyil. Ona görə mümkün deyil ki, Abdullayevin atası onu böyütmək üçün vaxtilə bu uşaq kimi küçədən keçənlərin səxavətinə bel bağlayıb. Rəhmətlik Abdulla dayı ailəsini dolandırmaq niyyəti ilə Nəriman Nərimanov metrostansiyasının çıxışında küçə ticarəti ilə məşğul olub. Və ona da inanmıram ki, nə vaxtsa hansısa müştəri Arazın atasına qarşı bu cür davranıb.

Bəs, heç kimə lazım olmadığına görə hazırda klubsuz qalan “istedad” niyə belə edir? Bu tərbiyəni (qudurğanlığı) hardan, kimdən alıb?

Arazı tərbiyəsizləşdirən özümüz olduq. Sən, mən və digərləri. Hələ bığ yeri tərləməyəndə ona diktofon uzatmasaydım və o da özünə qarşı diqqət görməsəydi, bu gün həddini aşmazdı.

Gözünü pullu dünyaya təzə-təzə açdığı dövrdə maşında qadını vurub öldürəndən sonra kimlərsə gecəsini gündüzünə qatıb onu türmə divarları arasından xilas etməsəydi, bu gün qudurğanlıq etməzdi.

Onu tənqid edən ahıl “Neftçi” azarkeşinin arvadını söyəndə cavabı artıqlaması ilə verilsəydi, bu gün yerini bilərdi.

19 yaşında “Everton”un qapılarından içəri girib tibbi baxışdan keçən, Türkiyə, Yunanıstan, Kipr kimi ölkələrdə legioner həyatı yaşayan bu cavan oğlan Azərbaycan futboluna ax(ıdıl)an milyonların ən yağlı yerindən yeyənlərdən, lakin ölkə futboluna zərrə qədər də fayda verməyənlərdən olub. Bu gün Araz Abdullayev ad-soyadı səslənəndə adamlarda ikrah hissi yaranır. Nə “Neftçi” fanatı, nə “Qarabağ”, nə “Qəbələ”, nə də “Sumqayıt” azarkeşi ona hörmət bəsləyir.

Adamın futbol oynamağa başladığı gündən etdiyi tərbiyəsizliklərin sayı-hesabı yoxdur. Adamın futbol dünyasında düz-əməlli dost-tanışı da yoxdur. Günortanı yatıb, gecələri şəhərin mərkəzi küçələrində sport maşınının reklamı ilə məşğul olan qudurğanın bu yaşına qədər həyatdan aldığı dərs məlum videodakı danışıq tərzindən və davranışından bilinir.

Kənandan üzr istəməsi heç nəyi dəyişmir. Üzə düşüb, kimlərinsə məsləhəti ilə etdiyi səhvin altından qaçmağa çalışır. Amma fakt faktlığında qalır. Araz Abdullayev Azərbaycan futbolunun son 15 ildə yetişdirdiyi ən istedadlı və ən tərbiyəsiz futbolçularının siyahısının ilk pilləsində dayanır.

8 il əvvəl bəndənizə müsahibəsində Çingiz Abdullayevi Azərbaycanın gözəl şairlərindən biri kimi qələmə verən səbəbkarın növbəti sualıma cavabı hələ də dillər əzbəridir.

- Çingiz Abdullayevin romanlarından hansınısa oxumusan?

- Xeyr, oxumamışam.

- Adlarını da bilmirsən?

- Narmalnı sual ver, narmalnı cavab verim.

Bu, o vaxt 23 yaşı olan Araz Abdullayevin savadsızlığının göstəricisiydi. Üstündən 8 il keçib, dəyişən heç nə yoxdur. Çünki savadsızlıqla tərbiyəsizlik bir-birinə çox bağlıdır.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?