Plyajda almanları necə udduq

4 İyul 01:50 Köşə 1 414
Plyajda almanları necə udduq

Peyvənd şirkəti koronavirusun yeni dalğasının başlayacağı ehtimalını açıqlamışdır. Deməli pandemiya təzədən qayıda bilər və hökumətimiz sərhədləri bağlı saxlamaqda müdrik addım atır – bir şey ki, əvvəl-axır bağlamağa məcbursan, onu niyə açasan? Pandemiyadan çıxıb pandemiyaya girməkdənsə, elə şərait qurursan, faktiki hər gün pandemiya şərtləri altında yaşayırlar. Vəssalam. Ondan sonra rahat nəfəs al. Allaha şükür, maska ləğv edilib, bu, xalqa bəsdir.

Dünyada hər cür pis təhlükələr vardır. Hər an sərhədi aşıb ölkəmizə girmək istəyirlər. Meymun çiçəyi, quş qripi, nə bilim, qızılgül inqilabı... Hərçənd, deyir bu meymun çiçəyi xəstəliyi əsasən bir-birini sevən erkəklər arasında yayılırmış, milli mentalitetimizə zidd olduğu üçün onun xalqımıza yoluxması şübhə altındadır. Bizdə ancaq kişiyana xəstəliklərin yayılma ehtimalı vardır. Hər ehtimala qarşı sərhədi bağlamışıq, hamını tanımaq olmur. Hələlik üz tanıma, bədən oxuma texnologiyalarını Çindən almaq üzərində iş gedir. Ondan sonra ana yurdumuzda icazəsiz milçək də uçmayacaqdır.

Yoxsa hərəsi xaricə gedir, ordan dərman alır, gizli şəkildə, belinə bağlayıb, corabına dürtüb vətənimizə gətirirlər. Bugünlərdə gömrük-sərhəd idarəsi belə vətəndaşlardan tutmuşdu. Gətirdikləri xərçəng xəstəliyinə qarşı dərmanlar idi, elə-belə, maraq üçün Türkiyə saytında o dərmanların qiymətinə baxdım, bizim pulla 38 manat eləyirdi. Bakıda neçəyədir, onu tapmaq, təbii ki, çətindir. Standart qiymətlər yox, dərman bazarı inhisarda, apteklər soyğunçuluq mərkəzi... Şair demiş: “Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”. Deməli o dərman Türkiyədə 38 manatdırsa, bizdə ən azı 138 manata satılacaq. Əks halda bu yazıq adamlar dərman dalıyca niyə yaxın-uzaq ölkələrə uçsunlar? Bir dəfə hesablamışdıq, müəyyən xəstənin dərmanlarını Bakıdan almaqdansa İstanbula bilet almaq, gedib həmin dərmanların 2 doza da artığını alıb qayıtmaq ucuz başa gəlirdi.

Bağlı ölkə olmaq sərfəlidir, açıq ölkədə vətəndaş yelə düşür, böyür-başını soyuq vurur. Xalqımızın mahiyyətində qapalı olmaq var. Əks halda hara baxırsan üstündən quş uçmayan, bir kərpici qızıldan, bir kərpici gümüşdən hasarları kim çəkib? Xaricilərin, Corc Sorosun işidir? Qətiyyən. Hamısını özümüz çəkmişik. Bakı kubiki yatağı olmasa, sümüklərimizdən hasar çəkərdik. Mütləq bir üsul tapıb tısbağa kimi qınımıza girərdik.

Halallıqdan, düzlükdən, imandan dəm vuran camaat göydələnin 9-cu, 16-cı mərtəbəsində pəncərəyə dəmir barmaqlıq taxır ki, oğrular əziyət çəksin. Bəs belə toplumun Naxçıvan-Türkiyə, Azərbaycan-Gürcüstan, İran, Rusiya quru sərhədlərinin bağlı qalmasından donquldanmağa əsasları varmı? Siz beş manatınızı o cür qoruyursunuz, iqtidarın milyardları var.

Örtülü bazar, dostluğu pozar deyib babalarımız, ancaq indiki dövrdə bu məsəl qüvvədən düşübdür. Gilasın bahalığı bazarın örtüsü ilə, gizli iqtisadiyyatla bağlıdır, bu heç, sözüm bunda deyil. Əsl həqiqət ondadır ki, qapalı cəmiyyət müəyyən sahələrdə inkişafa səbəb olur.

Elə götürək çimərlik futbolunu. Fantastikadır. Bugünlərdə bir hesab gördüm. Azərbaycan çimərlik futbolu komandası Avropa çempionatında Almaniyanı 6:5 hesabıyla udmuşdu! İnanılmazdır. Almaniyanı udmuşuq. Futbolda. Nə olsun bunu qumda oynayırlar, əsas odur adı futbol gedir. Normal futbolda biz Lixtenşteynə uduzuruq, lakin çimərlikdə almanları uduruq. Sizcə bunun elmi əsasları necədir? İzah edim, bilin.

Bizdə çimərliklərə getmək zülümdür, hər yanı hasara alıblar, pullu məmurlar dənizi xalqdan əkişdiribdir. Əgər kimsə o hasarları aşıb özünü quma, dənizə yetirməyi bacarırsa, əsl qəhrəmandır. Çimərlik futbolu komandamız məhz o cür seçilmişlərdən tərtib olunmuşdur.

Şuşanı alan uşaqlar da vaxtilə Qəbələ meşələrində, Qaxda, İsmayıllıda, Qubada, Qusarda çox əziyyət çəkmişdilər (musavat.com).

Zamin HACI

Xəbər Lenti