Futbol ictimaiyyətini təbrik edirəm. Bü yaxınlarda danışılmış oyunları araşdıran Xüsusi komissiyanın tərkibi məlum oldu. Siyahını nəzərdən keçirəndən sonra çox sevindim. Axır ki “doqovornyak” adlı virusun kökü kəsiləcək. AFFA-nın Xüsusi komissiyası bunun üstündə gecə-gündüz çalışır. Elə bələ komissiya deyil, ha! Xüsusi komissiyadı! Xüsusi, seçilmiş insanlardan ibarət olan bir komisisyadı!
Baxın görün, Azərbaycan futbolunda danışılmış oyunlarının araşdırılmasını kimlərə tapşırıblar. Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Xaqani Məmmədov. Ömür boyu danışılmış oyunların təşkilində iştirak etməyən bu pak insanlar bir qrup futbolçulardan şübhələnərək onları AFFA-ya çağırıb, sorğu-sual edirlər. Hələ siyahıda bir klubun administratorı da var. Ola bilsin massajçılar, xadimələr da məsuliyyətə cəlb olunsun!
İnanıram ki bu insanlar məqsədlərinə çatacaqlar. Sadıqov, Məmmədov və digərləri karyera boyu futbol üçün təmənnasız çalışıblar. Onlar olan yerdə Bobbi Çarlton kim olur ki, ona ser titulu verilir? Təklif edirəm, yox tələb edirəm bundan sonra bu dahi insanlara da “Ser” deyə müraciət olunsun. Ser Vaqif Sadıqov, Ser Xaqani Məmmədov! Sağkən bilin bu dəyərli insanların qədrini!
Hər klubda bir-iki nəfər pis niyyətli oyunçu üzə çıxardıb futbolumuzu təmizləyəcklər. Sizi bilmirəm, mən buna inanıram! Vaqif Sadıqov Azərbaycan futbol ictimaiyyətinin ən təmiz nümayəndəsidi. Suya at, iç!
1999-cü ildən futbol sahəsində çalışıram, hələ görmədim ki Vaqif Sadıqov kimdənsə xal alıb, kiməsə xal versin. Xüsüsi ilə Gənclərbirliyi klubunda çalışarkən. Sumqayıtda elə döyüşkən kollektiv yaratdı ki! Düzdü, arada uduzurdular. Lakin həmin məğlubiyyətlərdən sonra Sadıqov ruhdan düşmürdü, əksinə deyib gülürdü. İşlədiyi klublarda heç vaxt natəmiz menecerlərlə əməkdaşlıq etməyib. Düzdü, Neftçiyə moldovalı dostu vasitəsi ilə Alekseev soyadlı oyunçunu 250 minə sırımaq istədi, sonucda həmin futbolçu 30 minə razılaşdı. Olur da, futboldu, yəqin Vaqif bəyi da kimsə aldadıb. Əsas budu ki, Sadıqov hər zaman təmiz və dürüst olub.
Zarafat deyil, "comebackların" atasıdı! Tovuzdaki məşhur oyun yadınızdan çıxmaz. 0-2 dən sonra Sadıqovun Neftçisi Turana 3 qol vuraraq, halal qələbəsini qazandı. Hə, tovuzlu azarkeşlər narazı qaldı, oyunun satıldığını iddia etdi. Fanatlardı da, məğlubiyyəti həzm edə bilmirlər. Elə çıxır ki Rafa Benitez da əyri işlərlə məşğul idi? Ay sizi, tovuzlu azarkeşlər! Rəhmətlik İlhamə demişkən, ağ qara ləkə götürməz!
Böyükağa Hacıyev da özünə görə bir fenomendı. Azərbaycan futbolunda görünməmiş rekorda əl atdı. 8 oyuna 24 xal və arzuolunan titul. Əliyev Ramiz, tər-təmiz! Nə oyun almaq? Hamısı istəməyənlərin iftira yaxmasıdı. Fair-Playdı, Play-Offdu nədi, o mükafatdan Hacıyevə də düşür, vəssalam!
Sonra kim qaldı? Ağasəlim Mircavadovun əldə etdiyi nəticələrə söz ola bilməz. Demək istəyirsiz ki Şəmkir rəhmətlik “Saşanın” hesabına rəqibləri məğlub edirdi? Allahınız olsun, bir utanın! Sadecə arada olub ki Şəmkirə gələn hakim konyak zavodundan gələn qoxudan məsti xumar olub, ikinci hissəyə 12 dəqiqə əlavə edib. Bunun Ağasəlim Mircavadova nə dəxli?
Və ya Xaqani Məmmədov? Hansı vicdansız iddia edir ki Gənclikdəki evini ona elə həmin rəhmətlik Süleymanov bağışlayıb? Tutaq ki lap bağışlayıb! Bunu nəyə əsasən Şəmkirin çempionluğu ilə bağlayırsız? Ola bilməz ki rəhmətlik elə Ağasəlim müəllimin təklifindən sonra Xaqani əkəyə ev hədiyyə edib? O vaxt premiyalar filan yox idi, elə ikisi oturub fikirləşdilər ki ölkənin ən yaxşı hakim adına məhz Xaqani Məmmədov layıqdı. Biri var quru diplom bağışlayasan, biri da var ev. Burda nə var ki?
Ya da başlayırsız ki, Xaqani bəy o vaxt Qriqorçukun rəhbərlik etdiyi Dauqava komandasını UEFA kubokunda “dartmaq” istədi. “Qonaqlar heç heçəyə 15 dənə verir”, nə bilim nə... Di nə olsun? Xaqani bəy istəsə Dauqava nədi, Qaradağ-Lökbatanı Avroliqa çempionu edər. Sözdü deyib də, niyə yazıqdan yapışırsız?
Hə, o da var ki İnterın o vaxtki baş məşqçisi Konkovla 3 xalı kupedə qeyd edib. Hələ bundan sonra hakimlikdən uzağlaşdırılıb, bu haqda ərizəsini da rəhbərliyə təklif edib və hər şeyi boynuna alıb. Yenə də nə olsun? Keçənə güzəşt deyərlər! O Konkov idi, məsum Xaqani müəllimi yoldan çıxardan. İndi ki Konkov Azərbaycanda çalışmır?
Xaqani Məmmədovun tam haqqı çatır ki komissiya üzvü olsun, kimlərsə barədə hökm çıxartsın. Eləcə də Vaqif Sadıqov və onun kukla komitəsi. Hörmətli komissiya üzvləri! Birdən çaşıb klub rəhbərlərindən kimdənsə şübhələnəsiz. Onu bilin ki, Azərbaycanda klub rəhbərləri də sizin kimi pak insandılar, heç vaxt əyri yola getməzlər. Hələ təklif edirəm ki, komissiyanın tərkibi daha geniş olsun. Misal üçün, Mehman Allahverdiyev nədən bu komissiyada təmsil olunmur ki? Və ya keçmiş hakim Nemət Mahmudov? Bu qədər da haqsızlıq etməyin, bəylər!
Sizə bir sirr açım. Elə utanmazlar var ki, deyirlər bəs danışılmış oyunların təşkilatçısı elə AFFA-nın boz evində oturur. Sapı özümüzdən baltalar! Ermənlərə işləyənlər! İnkişafı görmək istəməyənlər! Bir az gözləyin, Xüsusi komissiya araşdırmanın nəticələrini açıqlasın.
Erkin İbrahimov

