Samir bəy, "Qarabağ", "Qarabağ", "Qarabağ"...

10 May 2022 17:00 Köşə 2 053
Samir bəy, "Qarabağ", "Qarabağ", "Qarabağ"...

"Qarabağ"ın heyətində 300-500 minlik futbolçular var, səndə belə deyilsə, əmələ gəlməyəcək.

Maliyyə tərəfi belədir. Bir də illərlə qurulmuş komandaya qarşı mübarizə aparmaq var. Vicdanla deyirəm ki, ikinci yer çox yaxşıdır".

Bu fikirlər dünən "Qəbələ" ilə matçdan sonra "Neftçi"nin çalışdırıcısı Samir Abasova məxsusdur.

Bəli, hazırkı "Qarabağ" olan çempionatda hazırkı "Neftçi"ni çempion etmək bir az da yox, çox qəliz məsələdir. Abasovun dediklərində böyük haqq var.

Amma azarkeş yalnız "Qarabağ"la mübarizədəki məğlubiyyətə görəmi çalışdırıcını istefaya səsləyir?

Cavab birmənalı olaraq "yox"du!

Axı başqa səbəblər daha tutarlı, daha geniş aspektdə müzakirə olunur. Samir müəllimsə hər şeyi kənara qoyub, elə hər fürsətdə "Qarabağ", "Qarabağ", "Qarabağ" deyir.

Samir bəy, ölkə kubokunda finala gedən yolunuzu da 300-400 minlik futbolçusu olan "Qarabağ" kəsmədi axı. Təyinatı sizdən sonra reallaşan, heyəti də, büdcəsi "Neftçi"dən zəif olan Rəşad Sadıqovun "Zirə"sinə təslim oldunuz. Azarkeşi də incidən budur. Sizsə bu məqamın üzərindən heç nə olmayıbmış kimi keçirsiniz.

Hazırda komandanız lider "Qarabağ"dan 10 xal geridədir. Bu qədər xal fərqi yalnız 300-400 minlik büdcəsi olan "Qarabağ"a məğlubiyyətlərə görə reallaşmayıb axı.

Azarkeş mövsümün arxada qalan bölümündə büdcəsi, heyəti sizdən zəif olan, mövsümə 3-5 gün qalmış heyət formalaşdıran "Qəbələ" önündə 2 bərabərlik və 1 məğlubiyyətin hesabını istəyir. Siz isə tutmusunuz ki, "Qarabağ", "Qarabağ", "Qarabağ"...

Azarkeş "Şamaxı"ya 2-0 udduğun halda 3-2 uduzmağın acısını çəkir, siz isə tutmusunuz ki, "Qarabağ, "Qarabağ", "Qarabağ"...

Azarkeş 15 oyundu qələbə qazana bilməmək potensialına sahib "Sumqayıt"la iki dəfə bərabərə (1:1, 0:0) qalmağın üzüntüsünü yaşayır.

Siz isə tutmusuz ki, "Qarabağ", "Qarabağ", "Qarabağ"...

Samir bəy, bu xüsusda narazılıq saçan bəndləri uzatmaq da olar. Amma məncə, yuxarıda sadaladıqlarım da yetərlidir ki, azarkeşi qınamaq və ya hər fürsətdə "Qarabağ", "Qarabağ" deməkdənsə məsuliyyət daşıdığınız problemlərlə məşğul olsaydınız daha faydalı olardı.

Keçmiş zamanda ona görə danışıram ki, bundan sonra artıq o zaman olmaya bilər.

XANOĞLAN İMANOV

Xəbər Lenti