Günahkar kürsüsünə otuzdurulan Qurbanov və...

18 Aprel 2022 23:00 Köşə 5 056
Günahkar kürsüsünə otuzdurulan Qurbanov və...

"Şamaxı"da Sənan Qurbanov erası başa çatdı.

"Qarabağ"dan alınan darmadağın (8-0) rəhbərliyi bu qərarı verməyə vadar etdi. Təbii ki, Qurbanovun istefa qərarı normal və başadüşülən idi. Əgər komanda ilk hissədə 7-0 uduzursa, artıq istefa üçün bütün münbit şərait yaranıb deməkdir.

Amma tək günahkar baş məşqçi Sənan Qurbanov idimi?

Bəs tribunadan "Sənan, filankəsi çıxar, filankəsi sal", "Sənan, komanda niyə müdafiə olunur axı, hücuma çıxmaq lazımdır" tipli tapşırıqlar verən rəhbərlik hardadır?

Tribunadan belə tapşırıq verən prezident görün indi paltardəyişmə otağında və ya Qurbanovla təkbətək söhbətdə hansı hoqqalardan çıxır.

Əminəm ki, Şamaxıda "Neftçi" ilə baş tutan oyunda "irəli çıxın, müdafiədə oturmayın" tapşırığını verən prezident Suraxanıda da "Qarabağ"la açıq futbol oynamaq həvəsinə düşmüşdü.

"Qarabağ" da həmin həvəsi 8 cavabsız qolla qaçırdı. Rəhbərlik isə heç nə olmayıbmış kimi yaxasını kənara çəkib, baş məşqçini günahkar kürsüsünə əyləşdirdi. İndi də gələcəyin yeni günahkar axtarılır.

Yenə deyirəm, bəli, Qurbanov günahkardı. Arxada qalan bir ildə ciddi səhvlərə yol verdi. Amma sadaladıqlarım da əsas verir ki, rəhbərlik Qurbanovdan da günahkardı deyə bilək.

Ancaq onlar istefa vermir. Elə qaldıqları yerdən də günahkar əməllərinə davam edirlər. İllər gedir, pullar gedir, amma ortada futbol adına ciddi nəsə yoxdur.

XANOĞLAN İMANOV

Xəbər Lenti