Klubların diqqətinə - Nauru ilə Tuvaluda da axtarın!

28 Dekabr 2021 16:40 Köşə 1 536
Klubların diqqətinə - Nauru ilə Tuvaluda da axtarın!

Azərbaycan klublarında bu gün vəziyyət olduqca ağırdır.

İndi klub rəhbərləri, idman direktorları, komandaların baş məşqçiləri dünya xəritəsini qarşısına qoyub,

Yer kürəsindəki Əliyev, Məmmədov, Hüseynov, Cavadov soyadlı futbolçuların hansı ölkədə nə işlə məşğul olduğunu araşdırmaqla məşğuldur.

Vay o günə ki, aralarından kimsə futbolçu ola, top dalınca qaça. Vəssalam, daxili və xarici əlaqələri işə salıb, onları Azərbaycana gətirmək mütləqdir.

“Qarabağ” bu məsələdə çevir davranıb Rüstəm Əhmədzadəni heyətinə qatdı. İndi hədəfdə digərləridir: Azər Əliyev, Eddi İsrafilov, Anatoli Nuriyev, Pavel Paşayev və sair.

Yaranmış bu miskin durum Azərbaycan futbolunun bugünkü reallığını – ölkədə yerli futbolçu çatışmazlığını çılpaqlığı ilə ortaya qoyur.

Yerli oyunçu limiti klubların ağlını başından alıb, rəhbərlərin başında düşünməkdən saç qoymayıb. Elə hey axtarırlar. Amma gəlmək istəyən yoxdur.

Birinin klubu ilə müqaviləsi var, bir başqası ciddi məbləğdə maaş tələb edir. Azərbaycan sevgisi ilə heç bir azərbaycanlı Azərbaycana gəlib Azərbaycan çempionatında oynamaq istəmir.

Bu da bir ayrı dərddir.

2005-2015-ci illəri əhatə edən Dövlət Proqramının işə yarımadığının bariz nümunəsini görməkdəyik.

Həmin 10 il ərzində klublardakı əsas söz sahibləri ciblərini və yalnız nəticə qazanmağı yox, futbolun inkişafını düşünsəydi, indi Mahir Emreli, Namiq Ələsgərov, Qara Qarayev kimilərin sayı 3-5 yox, 30-50 olardı. Bacarıqlı yerli futbolçular klubsuzlıqdan gileylənib, Avropaya qaçardı.

Vaxtında futbolçu yetişdirməyi prioritet görməyənlər bu gün Avropxaricdə yeni emin mahmudovları, ramil şeydayevləri axtarır.

Axtarışlarınız uğurlu olsun, cənablar! Yer üzündəki ölkələr İspaniya, Rusiya, Ukrayna ilə kifayətlənmir. Gözlükdən istifadə etsəniz, xəritədə Nauru, Tuvalu, Marşall adalarını da görəcəksiniz.

Baxın, araşdırın, maraqlalanın, bəlkə orda da əliyevlər, hüseynovlar var.

HƏBİB

Xəbər Lenti