“Qarabağ”ın “görəcəkli günləri” qarşıdadır

10 Noyabr 2021 14:00 Köşə 2 140
“Qarabağ”ın “görəcəkli günləri” qarşıdadır

“Qarabağ” minimum vəzifəni yerinə yetirib, qrupdan çıxıb, ən azı 1/16 finala adlayıb”.

“Kayrat”la oyundan sonra, sosial şəbəkələrdə “Qarbağ”ı təbrik edənlər həm də bu “minimum vəzifə”dən danışırdılar.

Minimum vəzifə ey. Bu “vəzifə”ni kim qoymuşdu “Qarabağ”ın qarşısında?

Ümumiyyətlə, Azərbaycanda futbolun durumundan xəbəri olan, reallığı anlayan adam “Qarabağ”ın qarşısında vəzifə niyə qoymalıdır ki? Özü də qrupdan çıxmaq minimum vəzifədir, indi görün bu camaatın “maksimum vəzifə” tələbi nədir də.

“Qarabağ” qrupu birinci pillədə bitirməsə və ya 1/16 finalda məğlub olsa, reksiyaların necə olacağını bilirsiniz? Təxminən belə yazacaqlar: “Qarabağ”ın gücü bu imiş. “Qarabağ”a yerini göstərdilər. “Qarabağ” Avropa komandası deyilmiş. Bizim Avropada nə işimiz”.

Doğrudan ey, bizim Avropada nə işimiz? Axı futbolu bu durumda olan ölkənin komandası niyə avrokubokların qrupunda oynamalıdır, hələ üstəlik, qrupdan çıxmağı da bacarmalıdır? Axı bu “bacarıq”da heç bir məntiq yoxdur.

“Qarabağ”ın “minimum vəzifəni” yerinə yetirməsinə sevinib, ondan maksimum vəzifə tələb edənlər pəncərədən çölə boylanırlarmı?

Boylanıb AFFA-nın təmir edilən binasını görürlərmi? O binada oturanların futbolun başına nə oyun açdıqlarına baxırlarmı?

Futbolun başına oyun açan o adamların nə qara maskalılardan, nə ictimai qınaqdan çəkinmədiklərini hiss edirlərmi? Hələ onu da bilmirlər ki, belə əmin-arxayın olmaq üçün arxan, türkün məsəli, möhkəm-möhkəm bağlı olmalıdır?

Və bütün bu həngamələri görməzdən gəlib “Qarabağ” minimum vəzifəni yerinə yetirdi” demək, reallığı görməmək deyil, elə Azərbaycanda futbolun başına oyun açanlarla bir sırada durmaqdır, onları himayə etməkdir.

“Qarabağ” “minimum vəzifə”ni yerinə yetirib, amma görəcəkli günləri qarşıdadır ey. Azərbaycanda reallığı qəbul etməyən o qədər iddialı azarkeşlər var ki... Yazda onların iddiaları yerə-göyə sığmayacaq.

İnsafınız olsun, hərdən Azərbaycan futbolunun reallığını da qəbul edin. Reallığa kor baxmamaq Allaha da xoş gələr. Reallığı qəbul edən neçə nəfərik?

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!