Danışmağa dil, uzatmağa əl tapan Abasov - KÖŞƏ

14 Sentyabr 2021 22:20 Köşə 1 595
Danışmağa dil, uzatmağa əl tapan Abasov - KÖŞƏ

“Qarabağ”la oyundan sonrakı mətbuat konfransında Samir Abasovun həmkarlarımızdan biri ilə dialoqda əlini diktator üslubunda yelləyib, jurnalistdən “Neftçi”dəki gənc futbolçuların adlarını çəkməsini tələb etməsi bir dəhşət idi. Kənardan baxan, futboldan xəbərsiz biri olsaydı, “Neftçi”nin “Qarabağ”a məhz jurnalistin uduzduğunu düşünər, Abasovu sudan çıxan ağ qaşıq təsəvvür edərdi. Yəni adam özünü o dərəcədə təmiz və gunahsız aparırdı. Daha doğrusu, buna çalışırdı.

“Neftçi”də İsmayılın əvəzinə başqa hansı futbolçunun oynamasının vacibliyini jurnalist bilməliymiş. Bunu bilməyə borclu imiş. Yox bir, hamam. Başqa arzu-istəyiniz?

“Kimi oynadım, kimi” sualını həmkarıma yox, klubundakı rəhbərlərinə verməli olduğunun fərqinə varmayan Abasov, görünür, hələ də çempionluq röyasından ayılmayıb. Ya hələ də “uçmaqdadır”, ya da rəhbərlərə “kimi oynadım, kimi” sualını verməkdə acizdir.

“Neftçi”nin çempionluqları sıraladığı, Avroliqanın qrupunda oynadığı dönəmlərdə komandanın sıralarında saysız-hesabsız gənclər var idi. Araz Abdullayev, Elvin Yunuszadə, Tərlan Quliyev, Mirhüseyn Seyidov… Yenə sayım? Emin Mehtiyev, Ruslan Qurbanov, Samir Məsimov, Məqsəd İsayev. Hələ bir neçəsini də xatırlatmaq olar. Soruşmaq ayıb olmasın, hanı bu uşaqlar?

“Neftçi”nin çörəyini yeyə-yeyə yetişən uşaqları klubdan, komandadan kim didərgin saldı? Nə idi kütləvi qovulmanın, uzaqlaşdırılmanın səbəbi? Kimin maraqlarına xidmət edirdi? Nə üçün? Hə, Samir bəy, jurnalistə o sualı verməmişdən əvvəl yaxanızda daşıdığınız emblemə cavabdehlik daşıyanlara danışın, dərdləşin. Yuxarıda adları çəkilən futbolçuların niyə “Neftçi”də olmaması ilə maraqlanın. Yerli futbolçuların qıtlığından, onlara qoyulan limitdən narazılıq etmək, həmkarlarınızın bu məsələdə etirazını qazanmaq əvəzinə digər sualın da cavabını tapın.

Konfrans Liqasına vəsiqə qazanan, bu yarışın qrup mərhələsində çıxışa hazırlaşan “Qarabağ”da cəmi 8 legioner var. Söz etməyəsiz deyə, lap elə Riçard Almeyda ilə Filip Ozobiçi də qatıram ora, say olur 10. Sizdəki legionerlərin indiki sayı isə 11-dir. Hələ davamının olacağı gözlənilir. Avrokuboklarda iştirak edən, yığmaya 10-a yaxın futbolçu verən “Qarabağ” sizdəkindən daha az əcnəbi ilə yola davam edir, uğuru hədəfləyir. Siz isə, “Neftçi”nin “anasının ağladıldığını” bilə-bilə ayıbınıza kor olmaq əvəzinə, limitdən narazılıq edir, jurnalistə əl uzadırsız. Qışqır-bağırla uzanan əli faktların qarşısına qoyanda, bilirsiz də o əlin aqibəti nə olur?

HƏBİB

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu