Pullu oğlanların möhtəşəm məclisi - CIZMA-QARA

13 Sentyabr 2021 16:20 Köşə 1 141
Pullu oğlanların möhtəşəm məclisi - CIZMA-QARA

Hansısa məclisdə, məktəbdə, nə bilim, başqa ortamda pullu uşaqların kasıblardan necə və nə qədər fərqləndiyini görmüsüz yəqin.

Papanın gül balaları geyim-keçimləri, işlətdikləri telefon, saç düzümləri, hətta baxışları və yerişləri ilə başqa cür olur. Tanıdığınız bir nəfərini ağlınıza gətirib, bir anlıq təsəvvür edin.

Bir də pullu uşaqların yanındakı imkansızları düşünün. Boynubükük, utandığından rahat gəzə bilməyən, pullu uşağın geyiminə, telefonuna – hər şeyinə həsrətlə baxan fağır oğlu, fağır.

Nədənsə, dünən “Neftçi” – “Qarabağ” görüşünü izləyəndə bu mənzərə gəldi gözlərimin önünə. Çempionatın pullu, qədd-qamətli, yaraşıqlı, geyim-keçimli iki komandası qarşılaşırdı.

Digər 6 komandanı təsəvvür edin, bir də bu 2-sini. Təsəvvür etmək üçün sözün “T”sı belə uyğun gəlmir.

Dünən oyun başlamamışdan ta görüş bitənə qədər gördüyüm hər şey fərqli idi. Azərbaycan Premyer Liqasının hazırkı durumundan üstün. 5-10 il əvvəlki vəziyyətə nisbətən yaxın.

Digər komandaların duellərində görə bilməyəcəyimiz azarkeş izdihamı yaşanırdı giriş qapıları qarşısında. İçəri keçənlər böyük əksəriyyət təşkil etsə də, bayırda qalanlar da oldu.

Yaşlı, cavan, uşaq, qadın – hər cür adam var idi. Azarkeşlərlə polislər arasındakı qarşıdurma, polis bölməsinə aparılan fanatlar...

Dava düşməyən məclisin nə ləzzəti?

Tribunalardakı möhtəşəmlik tam Avropadakının eynisi olmasa da, bənzərlik yetərincə idi. 90 dəqiqə susmayan fanatlar, əks tribunalara rəng qatan “Forza Neftçi” ilə “İmarət”, rəqibin ünvanına atmaca yağdırmaqdan bezməyən futbol “xəstələr”i.

Futbolçular, onların adı, səviyyəsi, sərgilədiyi oyun – bunlar isə oyunun tərkib hissəsi və 90 dəqiqəyə vurulan möhür idi.

Oyunboyu səngiməyən gərginlik və həyəcan, futbolçu və məşqçi heyəti, fanat və futbolsevərlər kimi, biz jurnalistlərə da təsir edirdi. Vurulan 3 qol, qaçırılan qol imkanları, tirə dəyən toplar, Şahruddinin möhtəşəm qurtarışları...

Hətta hakim Rəşad Əhmədovun idarəçiliyi də mərkəzi oyunun adına yaraşacaq dərəcədə möhtəşəm alındı.

Sabiq referinin referi oğlu ilk dəqiqələrdən meydanda varlığını göstərməklə əsl derbi izləməyimizə şərait yaratdı. Tamadalıq tapşırığını artıqlaması ilə yerinə yetirdi.

Yəni dünən 20.30-22.30 aralığında “Bakcell Arena”da görüb-bildiyimiz nə vardısa, hamısı mükəmməl idi. Pullu oğlanların adına yaraşacaq dərəcədə təşkil olunan məclis (oxu: oyun) uzun müddət yaddaşlardan silinməyəcək.

Allah sizə də bu günləri görmək nəsib etsin, kasıblar!

HƏBİB

Xəbər Lenti