Bərbad meydan, vacib qələbə, sürüşkən hesab

20 Avqust 2021 13:00 Köşə 1 239
Bərbad meydan, vacib qələbə, sürüşkən hesab

"Qarabağ" dünən axşam Konfrans Liqasının pley-off mərhələsində Şotlandiya klubu "Aberdin"i qəbul edirdi.

Komandamız oyuna sürətli hücumlarla başladı. Adətən səbrlə topu özündə saxlayıb, aramla hücuma keçən "Qarabağ" sanki bu dəfə tələsirdi.

Görünür, belə tələskənliyə səbəb meydanın ot örtüyünün bərbad olmasıydı. Dəqiqələr ötdükcə vəziyyət daha da pisləşəcəydi. Qurban Qurbanov və yetirmələri də bu gedişatdan hali idi. Bu baxımdan komandanın erkən qola aşırı köklənməsi anlaşılan idi.

İlk real qol epizodu Toral Bayramovdan gəldi. Gənc futbolçu əla reydini əla zərbə ilə başa çatdırdı. Amma rəqib qapıçının seyvi də pis alınmadı.

Dəqiqələr arxada qaldıqca təmsilçimizdə narahatlıq hiss olunmaqdaydı. Əbəs deyildi ki, Qurban Qurbanov bir neçə dəfə arxaya çevrilərək tabloda arxada qalan dəqiqələrin sayına baxırdı. Sonuncu belə narahat baxışlardan cəmi 2-3 dəqiqə sonra planlaşdırılan qol Xayme Romerodan gəldi.

Düzdü, erkən olmadı, amma çox gec də deyildi. 24-cü dəqiqədə Zubirin başladığı, Borgesin davam etdirdiyi əla hücumu Xayme Romero möhtəşəm zərbə ilə başa çatdırdı. Qol epizodunda oyunun ən yaxşılarından olan Abbas Hüseynovun cərimə meydançasına sürətlə şığıması da önəmli detal idi. Çünki fikirləri böyük ölçüdə özünə çəkərək, Xaymeyə rahatlıq vermiş oldu.

Qoldan sonra "Qarabağ" bir xeyli rahatlaşdı. Artıq hücumlarda tələskənlik yox idi. Bir sözlə, meydanda ənənəvi alışdığımız "Qarabağ"ı görürdük.

İlk hissə bu hesabla da başa çatdı. İkinci hissə də oxşar senari ilə davam etdi. Rəqib müdafiə olunmaq, "Qarabağ" isə topu özündə saxlayaraq asta hücumlarla növbəti qol arayışında idi. Futbolçuların hərəkətlərindən hesabdan razı olduqları hiss olunurdu.

70-ci dəqiqədən sonra oyunda ilk dəfə azacıq da olsa üstünlük rəqibə keçdi. Bunda "Qarabağ" futbolçularının yorğunluğu da az rol oynamırdı. Orta xəttə olan boşluğu vaxtında görən Qurbanov Kady Borgesin əvəzinə Filip Ozoboçi döyüşə atdı. Sona kimi "Aberdin"in bir real qol epizodu belə olmadı.

"Qarabağ" isə artırılmış dəqiqələrdə fərqi ikiyə çatdırmaq üçün real şans yaxaladı. 88-ci dəqiqədə Xayme Romeronun əvəzinə meydana çıxan Marko Veşoviç Abdulla Zubirin 3 futbolçunu keçdikdən sonra verdiyi əla ötürmədən sonra qapıçı ilə duelə yollandı. Monteneqrolu legioner hər şeyi doğru etsə də rəqib qapıçı komandasını real qoldan qurtarmağı bacardı.

Hakimin final fiti ilə "Qarabağ"ın minimal hesablı qələbəsi rəsmiləşdi. Meydança amilini nəzərə alsaq 1-0 hesablı qələbənin dəyəri çox böyükdür. Amma səfərdə diqqətli olmaq mütləqdir. Çünki bərbad meydanda qazanılan vacib qələbə hesabı həm də sürüşkəndir.

Xanoğlan İmanov

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda