Bunu ancaq Azərbaycan oğlu edə bilər!

1 Yanvar 2021 09:20 Köşə 1 984
Bunu ancaq Azərbaycan oğlu edə bilər!

Ağrılı-acılı 2020-ci il - birlik, qələbə ilimiz oldu.

Müstəqillik illərimizdə 27 sentyabr-10 noyabr aralığındakı aylar, həftələr, günlər kimi Azərbaycan hələ belə həmrəy olmamışdı.

Xalq adına qürurverici idi...

Problemlərə baxmayaraq dövlət-xalq birliyi pik həddə çatmışdı. Hamı bütün dərd-sərini unudaraq bir amal - Qarabağın azadlığı uğrunda döyüşə atılmışdı. 44 gün bir nəfəsə keçdi. Möhtəşəm qələbə ilə yanaşı döyüşlərimiz hələ qabaqdadı...

30 ilə dünya "birliyi" sarsıdıcı zərbələri ilə Azərbaycan xalqının əsl həmrəyliyini, ruhunu sındıra, qıra bilmədi. Damarlarda axan qan buna imkan vermədi.

Dünya son nəfəsində Şuşa qalasına cırmaqla çıxan qəhrəman igidlərimiz qarşısında özü lərzəyə gəldi, sınmış oldu.

"Gedirəm şəhid olmağa, dünyaya gələcək oğluma adımı qoyarsız"! Bu - dərk edərək mərdlik, igidlik, qəhrəmanlıq, qanın, ilahi pak ruhun mənəviyyat zirvəsidir!

Bunu ancaq Azərbaycan oğlu edə bilər!

Üç minə yaxın şəhid şahinlərimizin ruhu bu gün Qarabağ səmasında, Azərbaycan üzərində mələklər tək mərdi-mərdanə, qalib kimi dolaşır!

Şəhidlərimiz dünyaya yeni göz açmış Şahinimizə, Ağdamı ziyarət edən, müqəddəs torpağı öpən ağbirçək nənəmizə, Şuşa məscidində, Laçın dağlarında azan verən əsgərlərimizə baxıb qürurlanırlar, sevinirlər, azad torpaq canlarından keçən ruhlarını ovundurur, şad edir...

Vətəni anadan, ailədən, özündən, üzünü görə bilməyəcəyi övladlarından belə üstün tutan oğullarımızın, igidlərimizin tək şəhid bacısının haqqı ödənməz!

Biz ancaq onların ruhlarını şad edə bilərik. Həmrəyliyimizlə, birliyimizlə!

Şəhidlərimiz bizlərə inanıb ana-bacılarını, övladlarını, canlarından keçərək bu torpağı əmanət qoyub gedib.

Həmrəy olmaq - boynumuzun borcudur!

Hər birimizin, hakimiyyətindən, müxalifətindən tutmuş sıravi vətəndaşına kimi...

Olmaması mümkün deyil!

Nur simalı şəhidlərimiz xarı bülbül tək nadir gözəlliyə sahibdirlər. Onların ruhlarını incitməyə heç kimin haqqı yoxdur.

Haqq - onlardır!

Xarı bülbül - heç vaxt qəzəblənməsin, xarı tikanları heç vaxt oyanmasın, ancaq bülbültək Qarabağ səmalarına qalxsın, məğrur, qalib şahin mələylərimiz uca göylərdən məmləkətimizə baxıb sevinsin, fərəhlənsin, xarı bülbüllərin, Azərbaycanın çiçəklənməsindən qürur duysun!

Yeni ildə bütün sahələr üzrə qəti islahatların aparılması, xalqın daha da həmrəy, bir olması arzusu ilə...

Şəhidlərimizin ruhu şad olsun!

Tahir Süleymanov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"