Samir Abasovla dəyişən "Neftçi"

26 Dekabr 2020 09:40 Köşə 1 683
Samir Abasovla dəyişən "Neftçi"

13-cü turun başa çatması ilə Azərbaycan Premyer Liqasında qış fasiləsinə start verildi. Hər zamankından az olacaq bu dəfəki fasilə müddəti 21 yanvar başa çatacaq.

Klublar qış fasiləsinə fərqli əhval-ruhiyyədə yollandılar. Ən yaxşı əhvalın isə "Neftçi"də olduğu, şübhəsizdir.

Samir Abasov gəlişi ilə flaqmanı sözün həqiqi mənasında dəyişə bildi. Füzuli Məmmədovun "Neftçi"sində nəticə bir kənara, heç gələcəyə ümid verən müsbət hansısa məqam da yox idi.

İndi isə "Neftçi"də müsbət istiqamətdə çox şey var. Komanda son 4 turda məğlubiyyət nə olduğunu bilmir. Bu görüşlərdən biri bərabərliklə başa çatıbsa, digər 3 görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb.

Uğurlu nəticələr üçün Abasov nə özü ilə komandaya ulduz futbolçular gətirib, nə də öz əlində sehirli çubuqla gəlib. Elə həmin oyunçular, həmin də rəhbərlikdir. Hələ rəhbərlikdə futbolu bəlkə də hamıdan yaxşı bilən Ceyhun Sultanovla yollar ayrılıb.

Sadəcə istedadlı Abasov qısa müddətdə komandaya qələbə ruhiyyəsini aşılaya bildi. Özünün qurmadığı heyətə öz sistemini mümkün olacaq qədər otuzdurdu. Futbolçular pərakəndə futboldan uzaqlaşdırıldı.

İndi "Neftçi" nə qeyri-stabil nəticələr göstərir, nə də qeyri-sabit oyun sərgiləyir. Gənc mütəxəssisin komandaya gəlişi qısa müddət olsa da artıq futbolçular nə istədiyini bilir.

Komandanın toparlanmasında Abasovun məşqçi istedadı ilə bərabər, həm də lazım gələndə kollektivə "dəmir yumruq" göstərə bilməsi də vacib rol oynayır. Məmmədov isə bu baxımdan çox "boş" idi.

"Neftçi"də baş məşqçi işləməyin məsuliyyəti, çəkisi çox ağırdı. Burada özün istədiyin havaya hamını oynada bilməzsən. Amma hamı çalan havaya da oynamamalısan.

Görünür, az müddətə rəğmən Abasov orta xətti tuta bilib. Onda gördüyüm ən böyük dəyişiklərdən biri isə "Sumqayıt" və "Zirə"də nəticədən asılı olmayaraq oynatdığı aqressiv hücum futbolundan indi bir qədər qopmasıdır.

Bəli, futbol ictimaiyyəti üçün 90 dəqiqə hücum haqda düşünən, məzmunlu hücumlar quran komanda daha maraqlıdır. Amma ondan da vacib olanı və yaddaşlarda qalanı nəticədir.

4 oyun onu göstərdi ki, Abasovun "Neftçi"si lazım olarsa, bəzən nəticə üçün müdafiə də olunacaq. Təbii ki, hücum futbolu ana xətt olaraq öz yerindədir. Bu həm də gənc çalışdırıcının dəyişməz oyun üslubudur.

İndi isə Abasov üçün daha çətin dönəm başlayır. Çətinliklə yüksəldiyi zirvədə qalmaq, daha böyük çətinliklərə sinə gəlməyi tələb edir. Çünki bu yolda ən böyük rəqib son illərin əzəmətli çempionu "Qarabağ"dır.

Heyətdəki futbolçuların potensiallar nisbətində "Neftçi" bir addım geridədir. Demək, daha çox mübarizə aparmağa, əzimkarlıq göstərməyə məcbursan.

Əks halda, liderlik kürsüsündə qalmaq "Neftçi" üçün o qədər də asan olmayacaq.

Xanoğlan İmanov

Xəbər Lenti