Bilirəm, hamı təəccüblənib. Hamı sual edir ki, axı bunlara nə oldu birdən-birə?
Nə oldu ki, dünənə qədər AFFA rəhbərliyinin şəninə təriflər yağdıranlar, Rövnəq Abdullayevin, Elxan Məmmədovun əleyhinə bir kəlmə deyənləri az qala vətən xaini hesab edənlər, necə dəyişdilər?
Yadınızdadır də, əvvəlcə Oqtay Abdullayev başladı. Abdullayev dəstəsini başına toplayıb bu ölkənin futbolunu sərasər 12 il ağlar günə qoyanda Oqtay Abdullayev onlara züy tuturdu.
Amma 12 ildən sonra “xaric” oxumağa başladı. Qocalıqdandır? Yox, Oqtay Abdullayev həmişə “qoca” olub. Sadəcə, tapşırıqdandır.
Və artıq bəllidir ki, AFFA-nın rəhbəri yaxın vaxtlarda buradan gedəcək. İndi Oqtay Abdullayevi “xaric” oxumağa vadar edənlər ora öz adamlarını yerləşdirmək istəyirlər.
İndi Oqtay Abdullayev AFFA-nın gələcək prezidentinə züy tutur. Belələrinin şakərini dəyişmək olmur.
Ona görə də, günü çatan, ərki yetən bir-iki nəfərə də tapşırıq verib, onlar da AFFA-nın yarıtmaz siyasətindən danışırlar. Danışırlar və elə bilirlər ki, bu “nağaraçılar”ın toydan sonra çaldıqlarını görmür xalq.
Yox, görür. Düz 12 ildir ki, Azərbaycanda futbolun kökünü kəsənlərlə eyni cəbhədə oldunuz. Bu müddətdə Abdullayevin dəstəsinə məddahlıq etdiyiniz hər bir il futbolumuzu 10 il geri saldı.
AFFA rəsmiləri ölkə futbolunun “ölümündə” nə qədər günahkardırlarsa, sizlər də bir o qədər suçlusunuz. Heç nə - Abdullayevin gedişinə günlər qalanda “xaric” oxumağınız da sizi bu məsuliyyətdən azad etməyəcək.
Güman ki, idman sahəsinə cavabdehlik daşıyan başqa bir məmurun sifarişini yerinə yetirirsiniz və düşünürsünüz ki, Azərbaycan futboluna yeni rəhbəri də o göndərəcək.
O göndərəcəksə, futbolumuzun dirilmək şansı olmayacaq. Necə ki, Azərbaycanın idman təsərrüfatı “ölü” ömür sürür. Yeni kadr da korrupsiyaya qurşanmış məmurun diktəsi ilə təyin olunacaqsa,
Azərbaycan futbolu korrupsiya bataqlığından xilas olmayacaq. Yeni kadr da gəlib dünənə qədər AFFA rəhbərliyinə züy tutanlarla işləyəcəksə, onda futbolumuz “xaric” oxuyacaq.
İndilikdə isə dünənki məddahların bu gün “tənqidçi”yə çevrilməsi böyük təhlükədən xəbər verir. Bu adamlar olduqca qorxuludurlar. Onlar üçün dəyərlər mövcud deyil.
Kimin qılıncı daha iti kəsirsə, onun yanındadırlar. Onun qılıncına bülöv çəkirlər. Amma arzulayaq, güman edək ki, belə olmayacaq.
Vətən Müharibəsindən sonra Azərbaycanda çox şeyin dəyişəcəyini arzulayırıq. Arzulayırıq ki, iş, işi bilənə, Vətəni sevənlərə tapşırılacaq, daha Vətənə qılınc çəkənlərə, o qılıncı itiləyənlərə yox.
Hələlik isə Oqtay Abdullayevin “nağaraçılar” dəstəsi böyüyür. Birdən elə bilərsiniz ki, toydan sonra nağara çalanlardı ha. Yox, yeni gələni qarşılaşmağa hazırlaşırlar. Ay siz öləsiniz...
Natiq Muxtarlı

