"Sabah"ın axsayan mövqeyi

21 Dekabr 2020 15:00 Köşə 1 528
"Sabah"ın axsayan mövqeyi

"Qol fürsətlərindən yararlansaydıq, nəticə başqa cür ola bilərdi".

Bu sözləri "Neftçi"yə məğlubiyyətdən (0-2) sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Visente Qomez deyib.

Deyəsən, Visentə ilə biz "Sabah" - "Neftçi" adı altında başqa-başqa oyunlara baxmışıq, ya da ispaniyalı mütəxəssis "Neftçi"ni meydanda "Sabah" kimi görürmuş.

Başqa variant ağlıma gəlmir. İlk qol epizodunu 2-0-dan sonra 77-ci dəqiqədə yaradan komandanın baş məşqçisi niyə belə desin ki ...

Çalışdırıcı bir qədər də qabağa gedərək, hətta son pillədə olmalarını da məhz qol imkanlarından yararlana bilməmələri ilə əlaqələndirib. Yəni digər mövqelər idealdır, qalıb bircə hücum xətti.

Razıyam, "Neftçi" ilə oyunda olmasa da digər görüşlərdə bu hal yaşanıb. Komada bəzi oyunlarda qol epizodlarını boşa verib. Bəs 4 komandadan çox qol buraxan müdafiə xəttinə nə deyək?

Bu göstəricidə "Sabah" yalnız "Sumqayıt, "Keşlə" və "Qəbələ"ni qabaqlayır. İlk iki komandadan 2 top, "Qəbələ"dən isə 3 top artıq buraxılıb. Belə bərbad müdafiə xəttinin də günahkarı hücum deyil axı.

Elə dünənki görüşdə "Neftçi" futbolçuları bir qədər diqqətli olsaydılar hesab daha böyük olar bilərdi.

Visente Qomez sonda yenə hücum xəttindən danışıb. Və qış fasiləsində vəziyyətə uyğun qərar verəcəyini bildirib. Yəni ilk fürsətdə hücumçu alacağıq.

Cənab Qomez, əlinizin altında Kubemba, Rodriges və Ramil kimi hücumçular ola-ola bu qədər narahatsınız.

Görəsən, Əli Qurbanin ümidinə qalan "Sumqayıt"da, yalnız Rauf Əliyevə bağlı "Səbail"də, Mahir Emrelidən asılı "Qarabağ"da, hücumçusuz qalan "Keşlə"də olsanız nə edərdiniz?

Siz nəyəsə xatir nəyisə "malalaya" bilərsiz. Amma biz həqiqətləri yazmağa məcburuq. Həqiqət isə ondan ibarətdir ki, "Sabah"ın ən böyük dərdi nə müdafiədir, nə də hücum.

Axsayan tək yer ehtiyat skamiyada baş məşqçinin yoxluğudur. Hücumçu axtarın, lap elə müdafiəçi də, amma "Sabah" üçün yox.

Gələcək karyeranızı, yeni klubunuzu düşünsəniz daha yaxşı olar. Bu halda həm "Sabah"a fayda vermiş olarsınız, həm də öz karyeranıza.

Xanoğlan İmanov

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!