Sən öl, AFFA-ya kimin ayağı dəyir, dovşana dönür!

18 Dekabr 2020 11:40 Köşə 1 504
Sən öl, AFFA-ya kimin ayağı dəyir, dovşana dönür!

İtalyanları həmişə mərd millət kimi qəbul etmişik.

Tarixi kökü, Roma imperiyası, İtaliyadan tutmuş Amerikaya kimi uzanan Siçiliya mafiyasına qədər nə desən var…

Elə futbolları da dünyada öncüllərdəndir. Türmədən çıxarılıb birbaşa meydana buraxılan Rossi ilə dünya çempionluğunu da qazanıblar. Operası, incəsənəti, rəssamlıqları da öz yerində. Bir sözlə, özlərinə hörmət edən hərtərəfli, inkişaf etmiş xalqdır.

Azərbaycan futboluna da ayaq basıblar.

Roberto Bordin necə bəh-bəhlə "Neftçi"yə gətirilmişdisə, hamı flaqmanın rəng adaşı "Yuventus" olmasa da, vaxtilə qarşılaşdığı "Napoli"yə bənzəyəcəyini düşünənlər az deyildi. Axı ıtalyanın özü də cənubluların heyətində çıxış etmişdi.

Roberto da Bakıya "qaz"la gəlmişdi. Əsl italyansayağı. İçərişəhərin küçələrində "kepka"lı qədeşlik, çaydan vura-vura nərdtaxta, fotosessiyalar. Bir sözlə, fanatlar ümidlənmişdi. Ki, "Neftçi"yə əsl mafioz, bizim dillə, lotu gəlib.

Heç 1 il keçməmiş "kepka" başdan düşdü, mafiozluq "afiristlik" və artistliklə əvəzləndi. Bəlli oldu ki, italyanın ancaq hay-küyü var imiş. Sonda da evində otura-otura, "Neftçi"dəki silahdaşları ilə ayına 30-40 min maaşını ala-ala kefini çəkdi. Manat yox a, avro!

Azərbaycan futbolu heç dərindən nəfəs almamış, başqa bir italyan gətirildi. AFFA-da yerli futboldan başqa hamının azarkeşi var. Biri alman deyir, o biri italyan. Təki azərbaycanlı olmasın.

Beləcə, Canni De Byazi də Azərbaycana ayaq açdı. Ayağı da çox ağır oldu. Özü gəlməmiş koronavirus yedişdi. Gələndə də özü ilə bir dəstə soydaşını gətirdi. Havadar idarəçilər də dedi ki, üçü sizdən, biri bizdən. Arifə bir işarə də bəsdir.

Nə kəramətdirsə, Azərbaycan futboluna gətirilənlər "lax" çıxır. Özləri də futbolda "lox"dular axı. Əsas başqa nəmənələrdir...

Canı yanmış Canni Millətlər Liqasında necə "qan" elədisə, rəfdə sumqayıtlı futbolçulardan başqa heç kim görünmədi. Riyakarlıq xan elimizi növbəti dəfə zəlil etdi.

İndi də De Byazi deyir ki, bəzi ağzıgöycəkıər məni düz başa düşməyib, Azərbaycan hara, Albaniya futbolu hara! Deyib, vur-tut 8 komandanız var, onun da özəyi "Sumqayıt"dır.

Eddi ermənipərəst çıxdı, İsrafilin elçi daşına təpik atdı, Nazarov da nəzir deyib; "nəzərlərim bir daha Azərbaycanda olmayacaq".

Albanların isə daşdan keçən legionerləri var idi...

Ənənəvi qrup püşkü atılan kimi canına döndüyüm Canni necə təlaşa düşübsə, dili topuq tutur, var-gəl edir. İtalyanlığı da yaddan çıxıb.

Olmadı ki… Belə italyanlıq olar? O boyda Amerika Nyu-Yorkun ailə mafiyaları ilə bacara bilmir, De Byazi, indi bu, nə hərəkətdi? İtalyansan ala, əgib dögül, millətüvə hörmət elə.

Sən öl, AFFA-ya kimin ayağı dəyir, dovşana dönür. Canni də 3-5 aya tüpürdü peysərinə, italyanlığına. Uzağı, üzünə lovğalanıb, "Nu poqodi, zayaç", deyiləcək.

"Boz bina"dakı "ruskoyazıçnılar"ın canı sağ olsun. Birinci dəfədir bəyəm..?

Canni De Byazi, xəyalın AFFA-dakılara getməsin. Kişilər məkanında buna "zadnıy xod" deyirlər.

Sən də saxta italyan çıxdın, deyəsən. Ya da ətrafında hiyləgərləri görüb, italyanlığını unutdun. Yaddan çıxarma, bizə xor baxanlar Azərbaycandan iti qovan kimi qovulur!

BİZ

Xəbər Lenti