Futbola Qəhrəman Əliyev lazımdır, yoxsa bu adamlar?

14 Dekabr 2020 16:00 Köşə 2 708
Futbola Qəhrəman Əliyev lazımdır, yoxsa bu adamlar?

AFFA-nın “qayğısı” nəticəsində o dünyalıq olan “Viləş” komandası vardı Azərbaycanda.

Tamamilə yerli futbolçulardan təşkil olunmuş komanda.

Rayon sahibkarlarının dəstəyi sayəsində fəaliyyət göstərən komanda. Bu komandanı Azərbaycan çempionatında iddialı etmək, özü də yerli futbolçularla, hər oğulun – yəni hər məşqçinin işi deyildi.

Bunu Qəhrəman Əliyev bacarmışdı. O Qəhrəman Əliyev ki, Rövnəq Abdullayevin AFFA-nı monopoliyaya almasından sonra, demək olar ki, böyük futboldan uzaqlaşdırıldı.

Qəhrəman Əliyev məşqçi kimi potensialını tam aça, bilik və bacarığını futbolumuzun inkişafına sərf edə bilmədi. Buna imkan vermədilər. Futbolu monopoliyaya alanlar imkan vermədi.

Bir müddət əvvəl xəbər yayıldı ki, Qəhrəman Əliyev koronavriusa tutulub. Daha sonra mütəxəssisin insult keçirdiyi bildirildi. Özəl klinikalardan birinə yerləşdirilən Əliyevin müalicəsi böyük xərc tələb edirdi.

Yaxınları bu xərci müəyyən müddət qarşılaya bildilər.

Amma indi o imkanları yoxdur deyə, hələ komada olan mütəxəssisi klinikadan çıxartmaq məcburiyyətindədirlər. Yəni Qəhrəman Əliyev bundan sonra taleyin ümidinə buraxılır.

AFFA isə onunla qətiyyən maraqlanmayıb. Hər il “futbolun inkişafı” adı altında milyonlarla vəsait “yuyan” qrup rəhbərləri Azərbaycanın adlı-sanlı mütəxəssisinin durumuna olduqca biganə yanaşıblar. Təəccüblü heçə nə yoxdur, gözlənilən idi. AFFA rəhbərliyini ancaq şəxsi maraqları düşündürüb.

Dövlətin vəsaiti bir qrup insanın daha da varlanması üçün sərf edilib. Dövlətin vəsaiti AFFA rəhbərliyinə yaltaqlananların güzəranının yaxşılaşması üçün xərclənib. Xəstələnəydi Kazbek Tuayev, İsgəndər Cavadov, AFFA himayə çətirini dərhal sərərdi onların üstünə.

Qəhrəman Əliyev kimilər isə yaddır bunlara. Qəhrəman Əliyev yaltaqlanmağı bacarmayıb, əyilə bilməyib axı.

Azərbaycan futboluna Rövnəq Abdullayev, Elxan Məmmədov, lap elə Kazbek Tuayev, İsgəndər Cavadov lazım deyil.

Azərbaycan futboluna Qəhrəman Əliyev lazımdır. Başını aşağı salıb futbola xidmət edən adam.

Dünən yerli futbolçulardan ibarət iddialı komandanın baş məşqçisi idisə, bu gün uşaq futbolunda əmək sərf edirdi. Sabah necə olacaq? İndiki AFFA rəhbərliyi getməsə, Azərbaycan futbolunun da sabahı olmayacaq.

Orda, indi tək-tük qalan Qəhrəman Əliyevlər də olmayacaq. Azərbaycan futboluna Rövnəq Abdullayevlər yox, Qəhrəman Əliyevlər lazımdır.

Bu səhvi nə qədər tez düzəltsələr, futbolumuza lazım olanları o qədər az itirərik. Deməli, həm də futbolumuzun xilas imkanları çox olar. Kimi gözləyirik?

Natiq Muxtarlı

Xəbər Lenti