Lüksemburqa kor baxanlar

9 Dekabr 2020 16:00 Köşə 1 141
Lüksemburqa kor baxanlar

DÇ-2022-nin seçmə mərhələsinin püşkü atıldı.

Azərbaycan yığmasından kimsə uğur gözləmir. Bütün mütəxəssislərin yekdil qənaəti belədir ki, qrupun aşkar autsayderi Azərbaycan yığmasıdır.

Təxminən 30 ilə yaxındır ki, durum dəyişmir. Azərbaycan yenicə müstəqillik qazananda, futbol təsərrüfatı dağınıq durumda olanda, futbolun inkişafı üçün maliyyə tapılmayanda vəziyyət necə idisə, futbol sahəsinə milyardlar ayrılanda da elədir.

Özü də bu milyardlar o şəxslərin vaxtında ayrılmağa başladı ki, onlar düz 13 ildir Azərbaycan futboluna rəhbərlik edirlər. Əslində “rəhbərlik edirlər” ifadəsi yerinə düşmür, futbol təsərrüfatını tam monopoliyada saxlayırlar.

Bu təsərrüfat məhz onların sayəsində qeyri-peşəkarların, qohum-əqrəbanın, dost-tanışın sərəncamına verilib. Yəqin ki, məqsəd bu olub: futbola ayrılan milyardlar öz ciblərinə qayıtsın.

Bu şəxslər Azərbaycan futbolunu nəzarətə götürəndə “cırtdan” Lüksemburq yığması Avropanın ən zəiflərindən idi.

Bu ölkənin yığma komandasında həvəskarlar – sürücülər, müəllimlər, xarratlar, yanğınsöndürənlər oynayırdılar.

Amma vaxt keçdi, Lüksemburq yığması inkişaf etdi. İnkişaf etdi və 2020-ci ildə püşkatma zamanı artıq 4-cü səbətdə yer aldı, Azərbaycandan üstdə.

Bu müddət ərzində təkcə Lüksemburqmu inkişaf etdi? Yox, Lixtenşteyndə də, Farer adalarında da, yeni yaranan Cəbəllütariq də futbol inkişaf etdi.

İqtisadi cəhətdən iflic vəziyyətində olan Ermənistanı da qeyd edək.

Bu ölkənin yığması Millətlər Liqasının qrup mərhələsini ilk pillədə başa vurdu. Bu illər ərzində futbolun inkişaf etmədiyi ölkə oldumu? Oldu. Bu ölkə Azərbaycandır.

Təəssüflənməkdən başqa əlimizdən bir iş gəlmir, amma belə aqibət görünürdü axı. Azərbaycan futboluna rəhbərlik edənlərin atdıqları addımlar, verdikləri qərarlar futbolumuzun acınacaqlı durumunun xəbərçisi idilər. Yazdıq, yazdıq, amma yazdıqlarımıza kimsə fikir vermədi.

Hansısa bir kadrın mütləq şəkildə uğurlu olacağı şərt deyil. Amma bir kadr ki, işə yaramadığını, ona tapşırılan sahənin tənəzzülə uğradığını görürsə, “bu iş mənlik deyil” deyib, istefaya gedir. Təbii, söhbət ölkənin mənafeyini düşünən vicdanlı kadrlardan gedir.

Azərbaycanın futbol təsərrüfatına rəhbərlik edənlər uzun illər uğursuzluqla üzləşsələr də, istefa haqda qətiyyən düşünmədilər. Amma indi bütün ölkədə durum dəyişib.

Ölkənin maraqlarına zərbə vuran, korrupsiyaya qurşanan məmurlar zərərsizləşdirilir. Azərbaycanın gələcəyi, daha da inkişafı naminə mütləq atılmalı olan proseslər gedir Azərbaycanda.

Bu prosesin “küləyi” futbol təsərrüfatına da çatacaq. Lüksemburqun, Farer adalarının, Lixtenşteynin, müharibədə rəzil duruma saldığımız Ermənistanın futbolunun necə inkişaf etdiyini görməyənlər, ya da bu inkişafa kor baxıb, öz bildiklərini edənlər getməlidirlər.

Uğursuz kadr olduğunu anlamayan, ölkənin maraqlarını şəxsi maraqlarından üstün tutanların getmək cəsarəti yoxdursa, onları başqa üsulla göndərəcəklər.

Vətənin maraqlarına “kor baxış” uçuruma aparır.

Artıq futbol təsərrüfatına rəhbərlik edənlər uçurumun kənarındadırlar. Onları yıxılmaqdan kimsə xilas edə bilməz.

Natiq Muxtarlı

Xəbər Lenti