"Xəzər Lənkəran", "Kəpəz", "Turan" və "Şahdağ"ı Premyer Liqaya qaytarmaq üçün…

8 Dekabr 2020 17:40 Köşə 3 322
"Xəzər Lənkəran", "Kəpəz", "Turan" və "Şahdağ"ı Premyer Liqaya qaytarmaq üçün…

"İmarət" və "Şuşa" stadionu yenidən bərpa olunacaq.

Cümlə insanın 30 ilə yaxındı məcburi nəfəs alan ürəyinə, sanki yeni həyat eşqi qaytarmış olur. Ürək daha həvəslə, daha şövqlə döyünmək istəyir.

Bəli, 30 illik işğal başa çatdı. Dilbər güşələrimiz olan torpaqlar öz azadlıqlarını qovuşdu. Təkcə Şuşaya, Ağdama yox, elə Cəbrayıla, Laçına, Zəngilana, Kəlbəcərə, Qubadlıya, Füzuliyə də böyük futbol stadionları qucaq açacaq.

Gənclər və İdman Nazirliyinin işğaldan azad olunan ərazilərdə bərpa ediləcək idman qurğuları arasında böyük futbol stadionu və əlavə bir neçə meydançaların inşası da yer alır. Deməli, böyük futbol arenaları Qarabağa qayıdır.

Bəs böyük futbol? O da Qarabağa qayıdacaqmı? İnsanı ağlamaq da burda tutur. Çünki cavab birmənalı olaraq "yox"du. Nə qədər ki, hazırkı AFFA rəhbərliyi istefa verməyib, Qarabağda böyük futbol gözləməyə dəyməz!

Sizcə, Lənkəranı, İmişlini, Yevlaxı, Gəncəni, Tovuzu, Qusarı böyük futbola həsrət qoyan bir federasiya Qarabağa böyük futbol apara bilərmi? Adı çəkilən bölgələrimizdə böyük futbol arenaları illərdi ağzı günə qalıb. Heç regionlarımızdakı olimpiya komplekslərinin tərkibində olan futbol stadionlarından danışmıram. Dövlət inşa edir, AFFA isə inşa edilənləri məhv etməklə məşğuldur. Bu tendensiya illərdi davam edir. İndi də işğaldan azad olunan bölgələri eyni aqibət gözləyir.

Dövlət sərmayə qoyub stadionlar tikəcək, AFFA-da məhv edəcək. Düzdü, federasiya azad olunan əraziləri təmsil edəcək klubların yaradılacağını və Region Liqasında iştirak edəcəyini açıqlayıb. Dövlətin gördüyü bu qədər işin qarşılığında AFFA də nəsə deməliydi ya yox? Bir müddət Region Liqası ilə baş(lar) qatılacaq, sonrası məlumdur. Milyonlar xərclənib tikilən arenalar dönüb olacaq mal-qara üçün otlaq sahəsi.

Əgər istəmiriksə, Qarabağdakı stadionlar da Yevlaxda, Lənkəranda, İmişlidə olan arenaların aqibətini yaşasın o zaman hazırkı AFFA rəhbərliyi istefa verməlidir.

Bəlkə onda "Xəzər Lənkəran", "Kəpəz", "Turan", "Şahdağ", "Karvan" kimi region klubları da böyük futbola qayıtmış olar.

Xanoğlan İmanov

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu