Futbolumuzun “çürük beyni”

7 Dekabr 2020 18:00 Köşə 1 175
Futbolumuzun “çürük beyni”

Hər bir sahədəki inkişaf idarəetmə sistemindən asılıdır.

Yəni idarəçilər nə qədər savadlı, peşəkar olacaqsa, həmin sahədə də inkişaf əldə ediləcək. Əks təqdirdə, nə qədər vəsait ayrılmasına baxmayaraq, o sahə barbad duruma salınacaq.

Külli miqdarda vəsaitin ayrıldığı, amma bərbad duruma salınan sahələrdən biri də futbol təsərrüfatıdır. Niyə belə olub? Qeyri-peşəkar idarəçilərin sayəsində.

Azərbaycan futbolunun “beyni” AFFA İcraiyyə Komitəsi sayılır. Futbol təsərrüfatı ilə bağlı bütün qərarlar İcraiyyə Komitəsi tərəfindən verilir. Yəni komitədə təmsil olunan şəxslər futbolu mükəmməl şəkildə bilməli, bəlli baxışları olmalıdır ki, düzgün qərarlar da verə bilsinlər.

İndi gəlin görək, AFFA İcraiyyə Komitəsində kimlər təmsil olunur, futbolun inkişafına kimlər cavabdehdir.

AFFA prezidenti Rövnəq Abdullayevi qoyaq bir tərəfə. Adam ildə bir dəfə AFFA-nın binasına daxil olur.

Yəni bu şəxsin futbolla məşğul olmağa nə vaxtı var, nə də həvəsi. 12 ildən yuxarıdır ki, futbol təsərrfüatına rəhbərlik edir, amma bu müddətdə iki futbol termininin – “pley off”la “feyr pley”in fərqini ayır edə bilməyib.

Elşad Nəsirov da var İcraiyyə Komitəsində. Amma bu şəxsin futbol haqda nə vaxtsa doğru-dürüst bircə kəlmə kəsdiyini də görən olmayıb. Ümumiyyətlə, bu şəxsin başqa məsələlər haqda da danışdığına kimsə qulaq şahidliyi etməyib.

Onun nə sənətin sahibi olduğu kimsəyə bəlli olmaz. Futbol təsərrüfatına necə gəlib, burda olmağının məqsədi nədir, bunu peşəkar detektivlər araşdıra bilər anacaq.

Həşəmətli Elmar Məmmədyarov futbolun inkişafına cavabdeh şəxsdir Azərbaycanda. Diplomatiyada peşəkar ola bilməyən şəxs. Qarabağ problemi ilə bağlı danışıqlarda, hətta Prezidentin tapşırıqlarını belə diplomatiya masasınada çatdıra bilməyən adam. Lətifə həvəskarı.Amma rus dilində.

Nöşün ki, Azərbaycan dilində qəti danışa bilmir. Xarici işlər naziri postundan urvatsız şəkildə qovulan bu şəxs futbol təsərrüfatında qalmaqda davam edir. Niyə? Uğursuz kadrların pənah tapdığı yerdir AFFA-nın İcraiyyə Komitəsi?

Kazbek Tuayevlə İsgəndər Cavadov haqda yazmağa dəyər? Hamınız tanıyırsınız. Vəzifə borcları yaltaqlanmaqdan ibarətdir. Vəssalam, onları Azərbaycan futbolu maraqlandırmır.

Kazbek Tuayevə böyük bir futbol məktəbi həvalə edilib. O məktəbdən futbolçudan başqa hər peşə sahibi çıxıb. İsgəndər Cavadovun da xobbisi xarici ölkələri gəzməkldir ki, bunu da AFFA əta edib ona. Elə ona görə də, heç bir narazılığı yoxdur.

Zaur Axundov da İcraiyyə Komitəsindədir... AFFA ildə 6 milyon manatı da onun rəhbəri olduğu “Keşlə”yə ayırır.

Bir deputat da var İcraiyyə komitəsində. Rauf Əliyevi deyirəm. Futbol təsərrüfatında nə gözləyə bilərik ki, bu “hərşeyşünas” adamdan? Heç zad…

İcazə verin, Vaqif Sadıqov haqda yazmayım. Eləcə, gülümsəyin, adını oxuyan kimi.

Gəlin, Mahir Məmmədovdan xəbər verim sizə. Şahmat təsərrüfatını intriqa yuvasına çevirən adam. Ay adam, adam ya şahmatbaz olar, ya futbolbaz, ya da nöyütbaz.

Bu Mahir Məmmədov nə bazdır belə? Nöyüt də “içir”, şahmat da “oynayır”, futbol da. İnsafən, yaxşı da “oyanyır”. Şahmat təsərrüfatında intriqa iyindən baş çatlayır.

Güləşçi Fərid Mansurovla müəllim Firudin Qurbanov AFFA-da nə itirdiklərini özləri də bilmirlər. Nazirlik göndərib, gəliblər, özlərini azarkeşlərə söydürməyə.

Könül Mehtiyeva adlı xanımı isə tanımıram. Yəqin ki, Elxan Məmmədovdan başqa da kimsə tanımır onu. Elə ona görə də yazmayaq bu xanım haqda.

Əvəzində Elxan Məmmədovdan yazaq. İcariyyə Komitəsindəki hər kəsi idarə edən şəxs, ümumiyyətlə, Azərbayacan futbolunun “doğanağı”.

Futbol təsərrüfatındakı bütün “örkənlər” bu “doğanaq”dan keçir. Futbolla bağlı strategiyası, planı olmayan, məqsədi ancaq “yumaq” olan bu “doğanaq” çoxdan çürüyüb.

İcraiyyə Komitəsi AFFA-nın, Azərbaycan futbol təsərrüfatının “beyni” sayılır. Bütün futbol sahəsi bu “beyin” vasitəsilə idarə olunur.

“Beyin” isə çürüyüb. Özü də bütün hüceyrələri. Müalicəsi mümkünsüzdür. Kəsib atmaq lazımdır. Özü də tezliklə. Çünki “çürük beyin” infeksiya yayıcısıdır.

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu