Bölgə klubunda QALMAQAL: “Mənə hörmətsizlik etdilər, məsələni bu yerdə qoymayacam"

4 İyul 2022 09:20 Şamaxı 2 270
Bölgə klubunda QALMAQAL: “Mənə hörmətsizlik etdilər, məsələni bu yerdə qoymayacam"

Premyer Liqa klublarından ən son hazırlığa başlayan "Şamaxı" oldu.

Ötən ayın 20-si məşqlərə başlamalı olan komanda rəhbərlik dəyişikliyi səbəbindən yalnız bu ayın 1-i Şamaxıda bir araya gəldi.

Nə qədər qəribə səslənsə də komanda toplanışa rəsmi təqdimatı olmuş, birillik müqavilə imzalanmış Rüstəm Əliyevin yox, ötən mövsüm Region Liqasında "Cəbrayıl"ı çalışdırmış Cavid Hüseynovun rəhbərliyi altında start verdi.

Görəsən, yaranmış biabırçı mənzərə komandanın baş məşqçisi olan, amma kənarda qalan Rüstəm Əliyevə necə təsir edir? Ümumiyyətlə, o, yaşananları necə qiymətləndirir?

Suallarımıza cavab tapmaq üçün gənc mütəxəssislə əlaqə saxladıq. Əliyev başverənləri özünə böyük hörmətsizlik saydığını bildirib:

"Mən də eşitmişəm ki, komanda ayın birindən baş məşqçi Cavid Hüseynovun rəhbərliyi altında məşqlərə başlayıb. Bunu ordan-burdan eşitmişəm. Əlbəttə ki, yaşananlar mənə xoş deyil, ürəkaçan hərəkət deyil.

Bunu özümə qarşı hörmətsizlik hesab edirəm. Məsələni belə yerdə qoymayacam. Sadəcə səbrlə yeni rəhbərliyin kim olacağını gözləyirəm.

Rəsmi olaraq baş məşqçi mənəm. 2023-cü ilin 31 may tarixinə kimi müqaviləm var. Mən də yeni rəhbərin kim olacağını gözləyirəm.

Cavid Hüseynov kim tərəfindən baş məşqçi qoyulub hələ bilmirəm. Məlumatım yoxdur. Yeni rəhbərlik rəsmi bilinəndə mən də oturub onlarla söhbət edəcəm".

Əliyev ona göstərilən hörmətsizliyə qarşılıq olaraq müqaviləsindəki bütün şərtlərin yerinə yetirilməsini tələb edəcəyini dilə gətirib:

"Yeni rəhbərliyin yeni baş məşqçi istəyini normal qarşılayıram. Amma indiyə kimi məni də dəvət edib, söhbət etməliydilər.

Olmayıbsa eybi yox. Mən də bundan sonra müqaviləmin şərtlərinə uyğun hərəkət etməyə məcburam".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"