Baş məşqçisini dəyişən "Şamaxı"nı çökdürən QOHUMBAZLIQ PROBLEMİ

14 May 2022 10:40 Şamaxı 1 000
Baş məşqçisini dəyişən "Şamaxı"nı çökdürən QOHUMBAZLIQ PROBLEMİ

"Şamaxı" yaxınlarda baş məşqçi dəyişikliyinə getdi. Sənan Qurbanov səfərdə "Qarabağ"a 0:8 hesablı məğlubiyyətdən sonra görəvdən alındı, yerinə Rüstəm Əliyev gətirildi.

Buna kimi əvəzedici heyəti çalışdırmış mütəxəssis hələ ondan gözləniləni həyata keçirə bilməyib.

Onun rəhbərliyi altında Premyer Liqada 3 matça çıxan bölgə təmsilçisi cəmi 1 xal qazanıb. Doğma məkanda "Səbail"lə qolsuz bərabərliyə razılaşan kollektiv səfərdə "Sabah"a 1:5, "Sumqayıt"a 0:2 hesabıyla uduzub.

Bilindiyi kimi, Premyer Liqanın 26-cı turunda keçirilən «Sumqayıt» - «Şamaxı» matçından sonra qalmaqal yaşanıb.

Qonaqların rəhbər şəxslərindən biri (adını dəqiqləşdirməyə çalışırıq) qarşılaşmanın ardından paltardəyişmə otağına daxil olaraq, futbolçuları ən ağır sözlərlə təhqir edib.

Məğlubiyyətdən qəzəblənmiş funksionerin oyunçulara ünvanladığı ən yüngül ifadə «qudurmusuz» olub. Demə, həmin şəxs oyundan əvvəl da paltardəyişmə otağına gələrək, komandaya öz tapşırıqlarını verib.

Baş məşqçi səlahiyyətlərini yerinə yetirən Rüstəm Əliyevə «sən kənara çəkil və sakit qal» söyləyən idarəçi «Sumqayıt»a qarşı necə oynamaq barədə göstərişlərini dilə gətirib, hücum futbolu sərgiləmələrini tələb eləyib.

R.Əliyev bu hadisə haqda heç nə danışmasa da, mətbuata açıqlamasında futbolçularından şikayətlənib:

"Komandamdan belə oyun gözləmirdim. Komanda meydanda aqressiv deyildi. Kollektivin 70 faizinin hərəkətliliyi az idi. Bunun nə ilə əlaqədar olduğunu bilmirəm.

Bunu araşdırıb, nəticə çıxaracağıq. Cərimə meydançasına 4 asma etdilər, ikisi qolla nəticələndi. Biz isə 15-20 ötürmə etmişdik.

Bir hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Qələbəni çox gözləyirdim. Ona görə dedim ki, bu cür oyunu onlardan gözləmirdim.

Çalışacağıq ki, bir qələbə ilə məğlubiyyətləri unutduraq. Komandaya 20 günə yaxındır ki, baş məşqçi təyin olunmuşam. Futbolçulara da demişəm, komandanın fiziki durumu çox aşağıdı.

Gələn gündən dedim ki, arxaya çəkilmək yoxdur. Ən azından top itkisindən sonra aqressiv futbol oynamaq lazımdı. O da çatışmır. Daxili enerji olmalıdı futbolçuda, onu da göstərə bilmədik".

Yeni baş məşqçi ilə futbolçuların tanışlığı yaxın zamanı əhatə etsə də, münasibətlər sürətlə korlanmağa doğru yön alıb. Əliyevin keçdiyi məşqlərin səviyyəsi oyunçuları qane etmir.

Tərlan Quliyevi rəhbərliyin göstərişi ilə düşərgədən uzaqlaşdıran, Tural Axundovu da ona "yol yoldaşı" edən çalışdırıcının taktiki savadı kollektiv daxilində geninə-boluna müzakirə olunur.

Sumqayıtda yaşanan məlum hadisə də gənc mütəxəssisin ziyanına işləyib. Çünki o, vəzifə başına keçəndən sonra artıq hər şeyin əvvəlki kimi olmayacağına dair düşərgədəkilərə müxtəlif vədlər verib.

Onlardan biri də rəhbərlikdə yer alan şəxslərin paltardəyişmə otağına daxil olmayacağı, futbolçularla yüksçək tonda danışmayacaqları haqda sözlər idi.

Göründüyü kimi, bu deyilənlər elə söz olaraq qalıb. Hətta əksər oyunçular Sənan Qurbanovun vaxtında ab-havanın indikindən yaxşı olması fikri ilə razılaşmağa başlayıb.

Rüstəm Əliyevi "xərcləyən" digər söz-söhbət onun yaxın qohumlarının klub rəhbərliyi ilə şəxsi münasibətləri hesabına bu yerə gətirilməsi ilə bağlıdır.

Futbolçular hesab edir ki, yeni çalışdırıcı onları kənar təsirlərdən qorumaq gücündə deyil və Sumqayıtda yaşanmış xoşagəlməz olay buna dair şübhələri gücləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti