Peşəkar statuslu HƏVƏSKAR KLUB – İŞ GÖRÜN!

17 Yanvar 2022 20:00 Şamaxı 924
Peşəkar statuslu HƏVƏSKAR KLUB – İŞ GÖRÜN!

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Keşlə”nin gördüyü yeganə ən yaxşı iş klubunun adını “Peşəkar Futbol Klubu” yox, “Futbol Klubu” kimi təqdim etməsidir.

Çünki burada peşəkarlıq adına çox-çox ciddi nöqsanlar var.

Bunu görmək üçün “qırmızılar”ın rəsmi saytına və sosial şəbəkə hesablarına baxmaq kifayət edir.

Sanki komanda hazırlığa başlamayıb, təlim-məşq toplanışında maraqlı heç nə yaşanmır, futbolçular hazırlıq prosesi haqda açıqlama vermək niyyətində deyil.

Digər klubların sosial media platformalarında hər gün azı 1 xəbərə rast gəlirik. Fotoreportajlar, oyunlarla bağlı afişalar, futbolçulardan açıqlamalar və sair.

“Keşlə”nin “feysbuk” səhifəsi isə sanki Antalyaya getməməyin “yasını saxlayır”. Komanda artıq 11-12 gündür hazırlığa başlayıb, səhifədə əsas komanda ilə bağlı vur-tut 2 xəbər yerləşdirilib.

Bəli, 2 xəbər! Biri yanvarın 7-dəki hazırlıqdan şəkil toplusudur, o biri Franko Floresin transfer xəbəri.

Vəziyyət o qədər biabırçıdır ki, paytaxt təmsilçisi sabah “Səbail”lə yoldaşlıq görüşündə qüvvəsini sınayacağı halda, ötən ilin dekabrında yerləşdirilmiş xəbərdə “Keşlə”nin yanvarın 14-də və 20-də sınaq matçı keçirməyi planlaşdırdığı qeyd olunub.

Halbuki, geridə qalan vaxt ərzində planda dəyişikliyin olduğunu qeyd etmək, sabahkı matçla bağlı anons vermək vacib idi.

Bu cür klub-komandanın Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən yarışda nə işi var? Sualın cavabını klubu məhəllə komandası kimi idarə edənlərdən yaxşı bilən tapılmaz.

Cənablar, iş görün! Futbol klubunu idarə etdiyinizin fərqinə varın! Bacarmırsınızsa, bu oyunun başını buraxıb başqa işlərinizin arxasınca gedin! “Samaya”nın, futzalın...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"