Nə ölümdür ki, iş üçün yalvar-yaxar, xahiş-minnət edirsiz?

27 Yanvar 13:00 Keşlə 1 118
Nə ölümdür ki, iş üçün yalvar-yaxar, xahiş-minnət edirsiz?

Yunis Hüseynov getdi, Sənan Qurbanov gəldi.

«Keşlə» irəliyə doğru bir, geriyə doğru iki addım atdı,

Yağışdan çıxıb, yağmura düşdülər.

Hələ isti-istidir, fərqində deyillər, bir az keçsin, başlarına döyəcəklər.

Bizdən deməkdir.

Yunis Hüseynov uğursuz olduğunu danır. İstefasının səbəbinin bununla əlaqədar olmadığını iddia edir.

Əşşi, danışır da, özüyçün. Bəhanə gətirmək ki pulla deyil, sözdür də, boşaldır havaya.

Xahiş-minnətlə hanısa işə düzəlmək, vəzifə almaq olar. Mümkün haldır. Amma məşqçi belə olmur.

Tapşırıq və tanışlıqla görəvə gələn məşqçi sayılmır, onun adı nəsə başqa şeydir.

Bir parça çörək, yaxud əməkhaqqı üçün o «başqa şey»ə razılaşanların əvvəli olmadığı kimi, sonu da yaxşı olmur. Sakit gəlsələr də, sakit getmirlər.

Arxasınca 100 söz deyirlər. Bu 100 sözün birini də eşitməmək üçün gərək şərt şumda kəsilsin. Sonda yabalaşmamaq, bəhanə fikirləşib tapmamaq üçün.

Nə bəraətbazlıqdır belə, ay adamlar! Yox bir, komandanı mən yığmamışam, fəlsəfəmi yeritməyə «mal-material»ım olmayıb.

Hansı fəlsəfədən söhbət gedir axı! «Karvan»ı, «Xəzər Lənkəran»ı, «Kəpəz»i Premyer Liqada axırıncı edən fəlsəfədən? Belə fəlsəfənin içinə gül, yan-yörəsinə balqabaq düzəsən elə.

Adlarını məşqçi qoyublar hələ. Azmış kimi, yenə də bir şans, yenə də bir iş umurlar. Olmayacaq, bir az sonra «qatı müxlafətçi» libasını geyinməyə qaçacaqlar və ona bürünəcəklər. Asıb-kəsəcəklər, tənqid edəcəklər, sağ-sol vuracaqlar.

Bu məşqçi sinfi yalnız mətbuatda şir-pələngə dönür. Getdiyi kluba özüylə bir köməkçi aparmaq səlahiyyəti olmayan, futbolçulardan 5-10 manat dilənənləri ətrafından uzaqlaşdırmağı bacarmayan özünə hansı üzlə «məşqçi», yaxud «mütəxəssis» deyir, gəl, buna anlayış göstər, görüm, necə göstərirsən!

Zənglə heyəti müəyyənləşdir, zənglə oyunçu dəyişdir, sonra çıx de ki, mən niyə işləməyim, başqa təkliflər gözləməyim? Tapşırıq qulu olandan mən də nə abır gözləyirəm, nə də həya.

Sənan Qurbanov alnının təriylə «Keşlə»də işləməyi haqq etməyib. Bir yerdən zəng vurub işə götürülməsini rica ediblər, üz-üzdən utanıb, qayıdıblar ki, yaxşı, yenə siz deyən olsun, gəlsin.

Bundan belə Qurbanovun nə sözü, nə söhbəti olasıdır? Nə tələb edəsidir? Biri Əli idi, biri də Vəli. O da olacaq Pirvəli.

Olacaq yox e, olub artıq. Etiraf etdiyi kimi: məcburi sürətdə razılaşmayıb. Sevə-sevə, sevinə-sevinə razılaşıb.

VİP-dən gələn zəngi «ləbbeyk»lə qarşılamaq həvəsi bu adamlarda hardandır, çox qəribədir. Bilirsən ki, bu gün nə yolla vəzifəyə gəlmisən, sabah o yolla da yola salınacaqsan, nə ölümdür, işləyəsən?

Bəyəm «Qəbələ»yə kuboku sən qazandırmısan? O kuboku qazanan oğlanlar var, günü bu gün də səslərini çıxarmır, pərdənin arxasında gizlənir. Yemə də onların haqqını, əziyyətini. Bilən bilir axı, nə var, nə yox…

Qurbanov «Keşlə»yə gəldiyi kimi də, gedəcək. Dörd aylıq işdən ötrü özünü güldürməyə hazırdırsa, yenə hazırlaşsın onda. «Tut, gəldi» mərhələsi bugündən başlayır, xəbəri olsun.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti