“Turan Tovuz”un Konfrans Liqasına buraxılmaması xəbəri aydın havada şimşək effekti yaratdı.
Artıq iki gündür ki, azarkeşlər çaşqın vəziyyətdədir, konkret informasiya ala bilmir və yalnız mediada yayılan məlumatlar əsasında məsələnin mahiyyətini anlamağa çalışırlar.
Təəssüf ki, rəsmi qurumlar hələ də susur. Nə “Turan Tovuz”, nə də AFFA tərəfindən məsələ ilə bağlı ətraflı açıqlama verilib.
Problemun mahiyyətini tam anlamaq üçün məhz rəsmi təşkilatların mövqeyinə ehtiyac var.
Hazırda yayılan məlumatlara görə, əsas səbəb 2019/2020-ci il mövsümündə “Turan Tovuz”un yeddi futbolçusunun danışılmış oyunlarda iştirak etməsinə görə futboldan uzaqlaşdırılmasıdır.
İlk növbədə qeyd etmək lazımdır ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, COVID-19 pandemiyası səbəbindən I Divizionda 2019/2020-ci il mövsümü XIX turdan sonra dayandırılıb və bərpa olunmadan başa çatdırılıb.
Həmin vaxt turnir cədvəlinə əsasən mövsümün qalibi “Turan Tovuz” elan edilib. Komanda Premyer Liqaya vəsiqə qazansa da, lisenziya tələblərinə cavab vermədiyi üçün yüksək dəstədə çıxış etmək hüququ almayıb.
Sonrakı illərdə klub yeni rəhbərliyə təhvil verilib. Qaydalara əsasən, yeni rəhbərlik klubun bütün hüquq və maliyyə öhdəliklərini öz üzərinə götürmüş hesab olunur.
Bu, təkcə maliyyə və borc məsələlərinə deyil, həm də hüquqi və intizam xarakterli öhdəliklərə aiddir. Mövzunu uzatmadan, burada diqqət çəkən bir neçə vacib məqam var.
Birinci məsələ odur ki, ictimaiyyətə problemin nədən ibarət olduğu aydın şəkildə izah edilməlidir. UEFA konkret olaraq nəyi araşdırır?
Klubdan hansı məlumatlar tələb olunur? İddiaların hüquqi əsası nədən ibarətdir? Hazırda bu sualların heç birinə rəsmi cavab yoxdur.
İkinci məsələ 2019/2020-ci il mövsümü ilə bağlı UEFA tərəfindən “Turan Tovuz”a avrokuboklardan kənarlaşdırılma və ya gələcək iştirakla bağlı hər hansı məhdudiyyət qoyulub-qoyulmamasıdır.
Əgər belə bir qərar və ya xəbərdarlıq olubsa, bu barədə UEFA tərəfindən AFFA-ya, AFFA tərəfindən isə kluba məlumat verilməli idi.
Əgər belə bir məlumat mövcud olub və əvvəlki rəhbərlik və ya digər məsul şəxslər bunu yeni rəhbərlikdən gizlədiblərsə, bu, son dərəcə ciddi məsələdir.
Təbii ki, bu fikir hər hansı ittiham deyil, rəsmi məlumatın olmaması səbəbindən irəli sürülən ehtimallardan biridir.
Üçüncü və ən real görünən ehtimal isə ondan ibarətdir ki, UEFA-nın məlumat bazasında “Turan Tovuz”un bəzi futbolçularının oyun manipulyasiyasında iştirak etdiyi qeyd olunub və qurum hazırda həmin hadisələrin yalnız futbolçuların fərdi hərəkəti olub-olmadığını, yoxsa klub rəsmilərinin və ya rəhbərliyinin də prosesdə rolunun olub-olmadığını araşdırır.
Əgər məsələ həqiqətən bu çərçivədədirsə və klubun rəhbərlik şəkildə iştirak etdiyi sübuta yetirilməsə, UEFA-nın “Turan Tovuz”un lehinə qərar verməsi ehtimalı kifayət qədər yüksək görünür.
Hazırkı vəziyyətdə ən doğru addım “Turan Tovuz” və AFFA-nın birgə mətbuat konfransı keçirməsi və bütün suallara aydınlıq gətirməsidir. Azarkeşlər, futbol ictimaiyyəti və media baş verənlərlə bağlı dolğun məlumat almağa haqlıdır. İnformasiya boşluğu yarandıqda isə müxtəlif fərziyyələrin və əsassız iddiaların meydana çıxması qaçılmaz olur.
Ona görə də rəsmi qurumlar mümkün qədər tez ictimaiyyət qarşısına çıxmalı, UEFA ilə yazışmaların mahiyyətini, araşdırmanın predmetini və klubun hüquqi mövqeyini izah etməlidirlər.
Bu, həm azarkeşlərin narahatlığını aradan qaldıracaq, həm də Azərbaycan futbolunun nüfuzunun qorunmasına xidmət edəcək.
SPORTİNFO.AZ

