"Kəpəz" yeni mövsümün hazırlıqlarına başlayıb.
Qısa müddətdə 3 futbolçu ilə müqavilə imzalanıb.
Kapitan Əli Səmədov, yarımmüdafiəçi Rəhman Hacıyev və müdafiəçi Dioqo Verdaskayla iki illik razılaşma əldə olunub.
Heyətin qurulmasına bu qədər erkən, sürətli başlanması yaxşı haldır.
Amma burada çox ciddi bir boşluq var.
Baş məşqçi Azər Bağırovla yollar ayrılacaq.
Deməli, seçimlər onun deyil.
Gələcək baş məşqçinin kimliyi məlum deyil.
Deməli, seçimlər onun da adına yazıla bilməz.
Bu isə o anlama gəlir ki, heyəti rəhbərlik yerbəyer edir.
Bəs bunun sabahından qorxan yoxdur?
Yeni gələcək baş məşqçi yuxarıdakı oyunçuları bəyənməsə necə olacaq?
Və ya deyə bilər ki, həmin mövqelərə özümün yaxşı tanıdığım adları gətirmək istəyirəm.
Onda necə olacaq?
Gördüyünüz kimi, bölgə klubunda yenə gələcəklə bağlı çoxsaylı cavabsız suallar var.
Hə, burada başqa versiya da ola bilər.
Bəlkə də artıq yeni baş məşqçi məlumdur, sadəcə kimliyi gizli saxlanır.
Yeni müqavilə imzalanan adların da qalmasını həmin adı gizli saxlanan baş məşqçi qərar verir.
Bir sözlə, hansı bucaqdan baxsaq, "Kəpəz" sirli qutuya oxşayır.
Bizə isə qalır prosesləri yaxından izləmək.
Ki, bu sirli qutunun xəmirinin nə qədər su aparacağını görək.
XANOĞLAN/ SPORTİNFO.AZ

