Yəqin ki, «Kəpəz» I Liqaya yuvarlanmayacaq, növbəti mövsümə Premyer Liqada başlayacaq.
«Karvan» çempionatın ən zəif iştirakçısıdır, sonuncu yerdə qalacaqları görünür.
Gərək dünyanın səkkizinci möcuzəsi baş versin ki, «Karvan» 12-ci pillədən qurtulsun. «Kəpəz»də isə vəziyyət bir qədər fərqlidir.
Azər Bağırov hələ də sabitliyi təmin edə bilməyib. Nə oyunu stabildir, nə də nəticələri.
Ortam nədir, nə deyil, baş məşqçiyə yaxşı məlumdur. Bizə məlum olmayan isə son vaxtlar fərdi səhvlərin artmasıdır.
«Neftçi» ilə qarşılaşma bu sualı gözlər önünə sərdi - müdafiəçilərin yol verdiyi xətalara necə yanaşaq? Təsadüfmü, ya qəsdənmi..?
Dioqo Verdaşka ilə Mate
Abuladzenin müdafiənin mərkəzində etdiyi səhvlər kənardan o qədər bəsit, eybəcər və gülməli görünürdü ki…
Nəsə gözümüz onlardan su içmədi.
Yaşı, təcrübəsi kifayət qədər olan portuqaliyalı və gürcüstanlı legionerlərin oyuna yanaşması incələnmə tələb edir.
«Kəpəz»in funksionerləri bu istiqamətdə sorğu-sual aparmalıdır. Sanki adını çəkdiyimiz cütlük istəyirdi ki, «Neftçi» Yusif İmanovun qapısına daha çox yol tapsın, hesab biabırçı həddə çatsın.
Təkcə Vensan Abubakar ayağına gələn topları «çərçivə»yə düz yönəldə bilsəydi, «Kəpəz» 6-7 topluq fərqlə məğlubiyyətə uğrayacaqdı.
ELXAN

