«Mən hadisədən xəbər tutan kimi xəstəxanaya getmişəm.
Özüylə danışa bilməsəm də, vəziyyətini gördüm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Azər Bağırov deyib.
Xəbər verdiyimiz kimi, “Kəpəz”in futbolçusu Veysəl Rzayev 3 bıçaq yarası alıb. Yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib.
Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində xanımlarla birgə restoranı tərk ediblər.
İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş əri onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb.
V.Rzayev araya girdiyindən, 3 zərbə alıb. Zərbələrdən biri bədənin sol nahiyəsinə, digərləri isə kürəyinə dəyib, nəticədə ağır yaralanıb.
Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusudur. Nihat Fərəci hazırda II Liqada mübarizə aparan “Şəki Siti”nin formasını geyinir.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Bir neçə saat ərzində əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yeni ildə “Turan Tovuz”dan bura gələn yarımmüdafiəçi ilə bağlı DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir,
Bağırov bildirib ki, Veysəl süni nəfəsalma aparatına qoşulub. Huşu özündə olsa da, danışmağa çətinlik çəkir:
«Həkimlər mənə söylədi ki, onun svəziyyəti stablildir. «Narkoz» veriblər.
Bir neçə günə xəstəxanadan çıxmalıdır. Nə vaxt məşqlərə qayıdacağını isə mən hələ deyə bilmərəm.
Yəqin ki, bir müddət gözləməli olacağıq. Bu hadisə məni çox məyus elədi.
Ancaq biz heç nə edə bilmərik. Futbolçu klubun bazasında qalmır.
Onun üçün şəhərdə ev tutulub. Heç bir futbolçuya gecə-gündüz nəzarət edə bilmərik.
Hər kəsin şəxsi həyatı var. Məşqdən və oyundan sonra onları güdə bilmərik ki, hara gedir, haradan gəlir.
Futbolçu peşəkardırsa, özü gündəlik həyatına nəzarət etməli, hər şeyə fikir verməlidir».

