Mövsümdə ilk qələbəsini ötən həftə “Şamaxı” üzərində qazanan “Kəpəz” (4:1) növbəti 3 xalın arzusundadır.
Gəncə təmsilçisi Qəbələ şəhər stadionunda çempionatın sürpriz komandası “İmişli”ni qəbul edəcək.
Portuqaliyalı mütəxəssis Jorj Kaşkilyanın çalışdırdığı İmişli komandası son 3 matçda qələbə qazana bilməyib və öz qapısından 5 top buraxıb.
Aran təmsilçisi sonuncu dəfə qalibiyyət sevincini sentyabrın 19-da “Karvan-Yevlax”la görüşdə yaşayıb ki, 5-ci turdan bu yana 2 heç-heçə edib, 1 oyunda uduzub.
“Kəpəz”in polşalı qapıçısı Kasper Rosa Sportinfo.az-a açıqlamasında “İmişli”nin çətin rəqib olduğunu desə də, qələbə hədəfindən əl çəkməyəcəklərini bildirib:
“Hansı rəqiblə qarşılaşacağımız bizi maraqlandırmır. Bizi maraqlandıran öz oyunumuzu yaxşılaşdırmaq, baş məşqçinin tələblərini yerinə yetirməkdir.
Bilirəm, “İmişli” yaxşı müdafiə olunur, əks-hücumlarda təhlükə yaradır. Lakin biz də çox yaxşı kollektivə sahibik. “Şamaxı” ilə qarşılaşmadan sonra hamı bir məqsədə köklənib – növbəti qələbəni qazanmaq. Düşərgədə möhtəşəm ab-hava var.
Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanıb, sonuncu pillədən qurtulaq”.
Bu gün Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da çalınacaq.
HƏBİB

