«Kəpəz»in Azər Bağırovun qayıdışından sonra «Şamaxı»nı udub, «İmişli»yə uduzacağı az inandırıcı idi.
Oldu amma.
Səfərdə «Şamaxı»ya 4:1 qalib gələn «Kəpəz» Qəbələdə də «İmişli»yə 0:3 hesabıyla yenildi.
Burada təəccüblü nəsə yoxdur, əslində.
«Kəpəz» düz yola çıxmayıb hələ. Zaman lazımdır bunun üçün.
Ziq-zaqlı dönəm davam edəcək yenə. Yeni ildən tez olmayaraq.
Məmməd Hüseynov 25-ci dəqiqədə Vüsal Qənbərovu «şaqqalayıb» birbaşa qırmızı vərəqə almaqla, «Kəpəz»in kövrək ümidlərini «dəfn etdi».
Oyundankənar vəziyyət yarada bilməyən müdafiəçilərin səhvini bu gənc qapıçı da belə təkrarladı.
Mənə qəribə gələn Azər Bağırovun əvəzləməsi oldu. O, komandanın ən aktiv nümayəndələrindən Luis Paçunu kənara çəkməklə, yanlışa yol verdi.
Braziliyalı hücumçu irəlidə fəal idi, bir yerdə dayanıb qalmırdı, topu ayağında saxlaya bilirdi.
Paçunun meydandan çıxmasıyla «Kəpəz» lap çox güc itirdi: orta sahədəkilər bir qədər arxaya çəkildi, ön xətt tamamən «dişsizləşdi», müdafiədə boşluqlar əmələ gəldi.
Baş məşqçi bir səhvi də matçdan sonra etdi. qapısında üç qol görən Kasper Rosadan şikayətini, qış fasiləsində başqa birini transfer edəcəklərini dilə gətirdi.
Həmin qış fasiləsinə isə 2 ay qalıb hələ. Bağırovun onun yerinə «x» qapıçını düşündüyü bilən Kapsa bu iki ayda necə inamlı çıxış sərgiləyə bilər?
Adamın özünə olan-qalan güvənini də əlindən almaqdır bu. Kasper onsuz da, zəif qapıçıdır, amma sənin başqa seçimin yoxdur, ən azı, yeni ilədək gözləməlisən.
Bağırov bu yersiz «quş» buraxmasıyla işini bir az da çətinə saldı. Qorx ki, növbəti həftələrdə digər futbolçuları da nişangaha gətirsin.
Dünən bunu deyən sabah o biriləri də deyər.
ELXAN

