
Altı il «Kəpəz»in başında dayanmış İlqar Nadiri bura geri qayıda bilər. Klub rəhbərliyi sentyabrda müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdikləri funksionerin dönüşündə maraqlıdır. Onlar bu niyyətlərini artıq müxtəlif şəxslər vasitəsilə Nadiriyə çatdırıblar.
O, təcrübəli idarəçidir. «Kəpəz»də işlədiyi müddətdə əsl fədakarlıq göstərib. Komandanın ötən 3 mövsümdə Premyer Liqada yerini qorumasında xidməti böyük olub. Ən çətin məqamlarda verdiyi düzgün qərarlarla klubu ayaqda saxlayıb. Ciddi təzyiqlərə, təhdidlərə baxmayaraq, sonadək doğru bildiyi prinsiplərdən vaz keçməyib, struktur formalaşdırıb. Bu illər ərzində «Kəpəz»ə şəxsi büdcəsindən külli miqdarda pul xərcləyib.
Gəncənin həqiqi futbolsevərləri yaxşı bilir ki, əgər İ.Nadiri vaxtında əlini bu daşın altına qoymasaydı, doğma şəhərlərinin təmsilçisi çoxdan I Liqaya qayıtmışdı. Güclü diplomat keyfiyyətlərinə yiyələnmiş idarəçinin sayəsində «Kəpəz»in futbol elitasında yerini təmin eləmiş funksionerin yeri bu gün orada çox görünür.
Onun gedişiylə klubun qara günləri başlayıb. Yanvarda qeyri-rəsmi, mayda rəsmi formada görəvə gələn yönətim sponsor dəstəyinə arxalansa da, «sarı-göylər» üzüaşağı getməkdədir. İlqar Nadirinin formalaşdırdığı idarəçilik modelinin dağıdılması və kadrlarının bir-birinin ardınca görəvdən uzaqlaşdırılması ağır nəticələrə gətirib çıxarıb. Komanda Premyer Liqanın ilk 7 turunda məğlubiyyətlərə düçar olub. Mayda İdarə Heyətinin sədri postunu əməliyyatlar üzrə direktor vəzifəsinə dəyişmiş İ.Nadirinin təcrübəsi indi hər addımda «Kəpəz»in işinə yarayar, Fərman Əlizadə meydanda tək-tənha qalmazdı…
SPORTİNFO.AZ