
Allah Adil Şükürovun canına dəyməsin, yenə Azər Bağırova o qədər problem «miras» qoyub gedib ki…
Yığıb-yığışdırması üçün ona səbr diləyirəm!
«Kəpəz»i çox pis durumda təhvil alıb. Bir il əvvəlki «Kəpəz» bundan yenə fərqlənirdi, az-maz ümid verirdi.
İndi heç o ümidin «ü»sü də görünmür üfüqdə. Şükürov əlindən gələn ən böyük pisliyi edib kluba.
Toyda-mağarda qol qaldırıb oynatmağa layiq olmayan legionerləri gətirib, öz «torba»sını tikdi, Azər Bağırov da gərək onlarla qışa salamat çıxsın.
Baş məşqçi dəyişikliyi istənilən komandaya öz təsirini göstərir. Bəzən mənfi, bəzən müsbət mənada.
«Kəpəz»də Adil Şükürovu heç kim istəmirdi. Özünü necə aparmışdısa, hətta dəm-dəstgahla müqavilə bağlatdırdığı futbolçular da ondan xoşlanmırdı.
Azər Bağırovun komandanı «Qarabağ»la oyuna hazırlamaq üçün 2-3 gün vaxtı olmayıb heç.
Bununla belə, «Kəpəz» çemmpionluğun aşkar favoriti ilə qarşılaşmada ruhsuz və cansız təsir bağışlamadı. Epizod-falan yaratdılar, 90 dəqiqə «yatmadılar», işlədilər.
Bu, artıq bir addım irəli deməkdir. Həmin bu bir addımın qarşıdakı həftələrdə iki addımla müşayiət olunub-olunmayacağını söyləməyə isə çətinlik çəkirəm.
Ondan ötrü ki, komandanın ümumi səviyyəsi aşağıdır, lider xüsusiyyətli oyunçuları azdır.
Bu qədər futbolçunun içərisində bir nəfər tapıb göstərə bilmirəm ki, bax, filankəs yoldaşlarını öz arxasınca aparmaq iqtidarındadır, ondan bərk-bərk yapışın.
ELXAN