
Azər Bağırov yenidən "Kəpəz"ə qayıtdı.
Təcrübəli mütəxəssisin bölgə klubuna geri dönmək qərarı birmənalı qarşılanmadı.
Ki, ötən mövsümün sonu onu haqsız yerə göndərən kluba qayıtmaq doğru deyilmiş.
Azərbaycan futbolu və doğru qərarlar, doğru addımlar, doğru işlər və.s, və.i.
Necə də dilə xoş gəlir, ürəyə yatır.
Yalnız sözdə! Əməldə belə şeylər keçərli deyil.
Bəli, mən də razıyam ki, onun göndərilməsi kökündən səhv idi.
Onunla da razıyam ki, Bağırov daha iddialı və sabit klubda çalışmalıdır. Görək işi orada necə alınır?
Doğru olandan danışırıqsa, normalda belə olmalıdır. Bəs əvəzində nə görürük?
Bu adam 5 aydı bekar evində oturub.
Bu müddətdə 3 klubumuz - "İmişli", "Sabah" və "Sumqayıt" baş məşqçi axtarışına çıxıb.
Elə hər üçü də əcnəbi mütəxəssislə anlaşmaq yolunu seçib.
Bağırovu yada salan olmayıb.
Hətta debütant "İmişli" belə.
İndi 41 yaşlı çalışdırıcı evdə nə vaxta kimi oturub, iddialı klubdan təklif gözləməlidir?
Qısası, kənardan "gərək getməzdi, daha iddialı klubda işləməliydi" deməklə olmur.
Ortada acı reallıqlar var.
"Kəpəz"dən isə onu kimsə təhqir edib yola salmayıb ki, bir də geri qayıtmasın.
Əksinə uğursuz qərarla Bağırov ciddi heç nə itirmədi. İtirən "Kəpəz" oldu. Günü hamıya məlumdur. Və özləri kor-peşman yenidən onun ayağına qayıtdılar. Amandı dadımıza çat deyə...
XANOĞLAN İMANOV