
İdarə Heyətinin sədrinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimovun bugünlərdə «Kəpəz»dən ayrılması aydın səmada şimşək effekti verdi.
Heç kim bunu gözləmirdi.
Atılan addım böyük rezonans doğurdu. Səbəbləri barədə hərə bir şey yazır.
İbrahimovun özü verdiyi açıqlamada geri dönməyəcəyini, bu dəfərin onun üçün birdəfəlik bağlandığını bildirib.
Heç bir halda qərarını dəyişməyəcəyini söyləyən sabiq funksionerin onu narazı salan məqamların üzərindən sükutla keçməsi diqqət çəkməyə bilməz.
Görünür, elə hadisələr, elə proseslər baş verib ki, təcrübəli futbol adamı başqa çıxış yolu tapmayıb, ayrılmağı üstün tutub.
Biz bunun arxasında dayanan bəzi faktları artıq ictimailəşdirmişik.
İdarə Heyətinin sədri Namiq Qədirovun Erkin İbrahimovun kurasiyasındakı sahələrə yerli-yersiz müdaxiləsi, hər məsələyə şübhəylə yanaşması, bəzən işlərə pəl vurması və digər nüansları gün işığına çıxarmışıq.
İndi həmçinin bizə məlum olub ki, klubun yeni rəhbərliyi yalan da danışıb, verdikləri vədi yerinə yetirməyib.
Belə ki, İbrahimov ilin əvvəlindən «Kəpəz»də fəaliyyət göstərsə də, nə onda, nə də ondan sonra - yəni, təyinatının rəsmiləşdiiyi maydan bəri 1 manat maaş almayıb.
Digər əməkdaşlardan fərqli olaraq. Hamıya ödəniş edilsə də, o, kənarda qalıb. Əməkhaqqı ilə bağlı müraciəti isə qulaqardına vurulmayıb, «hə, olacaq» deyilib, deyilən isə olmayıb.
İbrahimov ötən aylar ərzində «Kəpəz»dən ötrü xeyli xərc çəkib. Hamısını da öz cibindən. Bu gün həmin pulu ona qaytaran da yoxdur…
SPORTİNFO.AZ